Sir Riçard Mançam YAP GB-də olub

Sir Riçard Mançam YAP GB-də olub

Bu gün Yeni Azərbaycan Partiyasının Gənclər Birliyinin (YAP GB) ofisində Seyşel Adaları Respublikasının eks-prezidenti Sir Riçard Mançamla görüş keçirilib. SİA-nın məlumatına görə, tədbiri giriş sözü ilə açan YAP GB-nin sədri Seymur Orucov hər kəsi salamlayaraq, qonağı gənclərə təqdim edib.

S. Orucov bildirib ki, Sir Riçard Mançam artıq ikinci dəfədir ki, ölkəmizə səfər edib: "Seyşel Adaları Respublikasının eks-prezidenti ilk dəfə Azərbaycana ötən ilin 9 oktyabr tarixində ölkəmizdə keçirilən prezident seçkiləri zamanı müşahidəçi qismində səfər edib".

Daha sonra söz alan qonaq səfəri haqqında məlumat verib: "Siz ölkənizlə fəxr edə bilərsiniz. Azərbaycana ilk səfərim ötən il oktyabrın 9-da keçirilən prezident seçkiləri zamanı Müşahidə qrupunun üzvü olaraq reallaşıb. İlk dəfə Azərbaycanda olduğum zaman insanların xoşniyyətli və yüksək ruhda olduğunu müşahidə etdim. Burada olduğum dövrdə mən azərbaycanlıların inkişafyönümlü, çox maraqlı insanlar olduğunu gördüm. Biz Azərbaycanla hər tərəfli, bütün sahələrdə əməkdaşlıq etməyə hazırıq. Biz öz nəşriyyatımızda, yerli qəzet və jurnallarımızda Azərbaycana xüsusi yer ayırırıq. Bizim mətbuatda Azərbaycanla bağlı tez-tez yazılar dərc olunur, məqalələr işıq üzü görür. Həmçinin mətbuatımızda Prezidentiniz İlham Əliyev və onun gördüyü işlər haqqında geniş məlumatlar yayılır. Hətta yerli jurnallarımızın birində Prezident İlham Əliyev "İlin adamı" adına layiq görülüb".

Bir müddət bundan qabaq BBC-də Azərbaycanın korrupsiya ölkəsi kimi qələmə verilməsi məsələsinə öz münasibətini bildirən Sir Riçard Mançam söyləyib ki, əksinə Azərbaycan ədalətli, şəffaf, demokratik dəyərlərə malik olan bir ölkədir: "Ötən il Azərbaycanda prezident seçkilərində iştirak etdim və bütün bunların əksini gördüm. Seçkilər ədalətli şəffaf keçirildi. Azərbaycan xalqının iradəsi ilə ölkə başçısı İlham Əliyev yenidən prezident seçildi. Bütün bunlar onu göstərir ki, Azərbaycan xalqı ölkə başçısının siyasətini, Yeni Azərbaycan Partiyasını dəstəkləyir".

Daha sonra qonaq ona ünvanlanan sualları cavablandırıb.

Görüş diskussiya şəklində davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə