Oqtay Əsədov: "Bu nə danışıqdır? Bir az özünə hörmət et!" qarşıdurma

Oqtay Əsədov: "Bu nə danışıqdır? Bir az özünə hörmət et!" qarşıdurma

Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili İlyas İsmayılov arasında qarşıdurma yaranıb. SİA-nın xəbərinə görə, iclasda hökumətin illik hesabatının müzakirəsi zamanı çıxış edən millət vəkili İ. İsmayılov hesabatla bağlı müxtəlif iradlarını bildirib. Onun çıxışı demək olar ki, hökumətin illik fəaliyyətini sərt tənqid etməkdən, müxtəlif çatışmazlıqlarla bağlı misal gətirməkdən ibarət olub.

Millət vəkilinin çıxışından sonra spiker Oqtay Əsədov ona irad tutub: "İlyas müəllim, belə çıxır ki, qalın bir kitabdan ibarət olan hökumətin illik fəaliyyətində müsbət heç nə görmədiniz. Bayaqdan ancaq səhv tutursunuz".

Bu zaman İ. İsmayılov yerindən spikerin sözünü kəsərək, ona replika atıb: "Bu mənim öz fikrimdir, mənim çıxışıma irad tuta bilməzsiniz. Buna ixtiyarınız yoxdur, öz işinizi görün!"

Millət vəkilinin sərt replikası spikeri əsəbiləşdirib: "İrad da tutaram, o yana da keçərəm! Bu nə danışıqdır? Bir az özünə hörmət et! Günah səndədir ki, şərait tapıb danışırsan".

Bütün xəbərlər Facebook səhifəmizdə