Əziz Mirəhmədovun “Azərbaycan jurnalistləri və naşirləri” və “Əhməd bəy Ağaoğlu” kitablarının təqdimatı olub FOTO
AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirəhmədovun "Azərbaycan jurnalistləri və naşirləri" və "Əhməd bəy Ağaoğlu" kitablarının təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına gör, mərasimi giriş nitqi ilə açıq elan edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, Ə. Mirəhmədovu görkəmli alim və tənqidçi kimi geniş və çoxşaxəli yaradıcılığa malikdir. Qeyd edib ki, Ə. Mirəhmədov həm də görkəmli şəxslər barəsində çoxsaylı monoqrafiyaların, araşdırmaların müəllifidir.
Ə. Amaşov deyib ki, müəllifin sözügedən əsərlərlə bağlı əlyazmaları dəfələrlə nəşriyyatlarda yoxa çıxdığına görə, ilk dəfə çap olunur: "Müəllifin "Azərbaycan jurnalistləri və naşirləri" kitabında ilk Azərbaycan jurnalisti olan Abbasqulu ağa Bakıxanovdan başlamış, müasir dövrədək olan jurnalistlər haqqında araşdırmalar, məlumatlar yer alıb. Kitabda təxminən 500-ə yaxın yazıçı-jurnalist və naşir barədə ensiklopedik məlumat toplanıb. Onun Əhməd bəy Ağaoğlu haqqında yazdığı monoqrafiyada görkəmli şəxsiyyətin həyat və fəaliyyəti geniş şəkildə araşdırılıb. Əhməd bəy Ağaoğlunun jurnalistika, siyasət, bədii ədəbiyyat və elm sahələrindəki fəaliyyəti nəzərdən keçirilib".
Filologiya elmləri doktoru, professor Asif Rüstəmov isə çıxışında Ə. Mirəhmədovu Azərbaycan ədəbiyyatşünaslığının təməlini qoyan şəxslərdən biri kimi xarakterizə edib: "Əziz Mirəhmədov dünyasını dəyişsə də, arxivi çox zəngin olub. Əziz Mirəhmədov yaradıcılığı ilə Azərbaycan ədəbiyyatşünaslığının təməlini qoyan insanlardan biri olub və Azərbaycan ədəbiyyatşünaslığı onun sayəsində yüksək zirvələrə qalxıb".
Sonda kitabların redaktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, Ə. Mirəhmədovun qızı Dilarə Əlizadə çıxış edərək, hər iki kitabın Azərbaycanın görkəmli şəxslərinin irsinin araşdırılması baxımından əhəmiyyətini vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB