"İcbari tibbi sığorta haqqında" qanun qəbul edilsə də, həyata keçirilmir"

"İcbari tibbi sığorta haqqında" qanun qəbul edilsə də, həyata keçirilmir"

"Milli Məclisdə "İcbari tibbi sığorta haqqında" qanun qəbul edilsə də, o həyata keçirilmir". SİA-nın xəbərinə görə, bunu Sosial-siyasət komitəsinin sədri, millət vəkili Hadi Rəcəbli parlamentin bugünkü plenar iclasında AR Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyətinə dair illik hesabatı ətrafında aparılan müzakirələr zamanı deyib.

H. Rəcəbli bildirib ki, bir neçə il öncə səhiyyəyə büdcədən ayrılan vəsait 2 milyon manat idisə, indi bu rəqəm 669 milyondur: "Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm ki, bu sahəyə deputat həmkarımız Əli Əhmədov rəhbərlik edir".

Millət vəkili qeyd edib ki, tibbi sığorta ilə bağlı qanun hələ 1999-cu ildə qəbul olunub: "Amma başıbəlalı qanun hələ də icra olunmur. İcbari tibbi sığorta ilə bağlı xüsusi agentlik yaranmalı idi. Amma hələ də heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə hökumətə əsasnamə verilib. Əgər bu qanun qəbul olunubsa, deməli icra edilməlidir. Uzun illərdir ki, bu qanun qəbul edilib, amma işləmir. Sosial sahədə islahatlar aparmaq digər sahələrə nisbətən daha çətindir. Çünki, bu daha çox insanların həyatına təsir edir".

H. Rəcəbli bu baxımdan yeni təyin edilən əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun gördüyü işləri təqdir edib: "Sevinirəm ki, yeni əmək və əhalinin sosial müdafiə naziri bu sahədə yeni islahatlara başlayıb. Orada olan neqativ halları aradan qaldırır".

Bütün xəbərlər Facebook səhifəmizdə