Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Hüquqlarınızı bilin" layihəsinin təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən layihənin rəhbəri Jalə Bayramlı deyib ki, hər bir insan onun malik olduğu irqdən, cinsiyyətdən, dildən, dindən, siyasi və digər baxışlardan, milli və sosial mənşəyindən, mülkiyyətdən, doğum və başqa hallardan asılı olmayaraq, təmin olunmuş insan hüquqlarına və azad olmaq haqqına malikdir.
Onun sözlərinə görə, hər bir dövlət öz vətəndaşının hüququ və azadlıqlarını konstitusiyada müəyyənləşdirilən qanunlar çərçivəsində qoruyur, müdafiə edir: "Amma bir şeyi nəzərə almaq lazımdır ki, hər kəs hüquqşünas deyil və qanunlar haqqında tam məlumata sahib olmaya bilər. Bəzi hallarda, əsasən də müasir cəmiyyətin ən dinamik və proqressiv gücü hesab olunan gənclərin öz hüquqlarını bilməməsi meydana çıxır. Məhz bu cür layihələr çərçivəsində insanlara, xüsusilə gənclərə hüquqları, ondan düzgün istifadə qaydaları xatırladılır, onlar ətraflı şəkildə məlumatlandırılırlar".
Təqdimatda çıxış edən Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin nümayəndəsi, hüquqşünas Eldar Orucov dövlətin gənclər siyasətinin formalaşdırılması istiqamətində mühüm addımlar atdığını deyib. Onun sözlərinə görə, Azərbaycan postsovet məkanında gənclərə xüsusi diqqət ayıran, dövlət proqramları qəbul edən, gənclərin təşəbbüsü ilə bir-birindən maraqlı konfranslar, simpoziumlar, humanitar aksiyalar keçirən, bu və ya digər problemləri müzakirəyə çıxaran yeganə dövlətdir: "Bu gün gənclərin inkişafı ilə bağlı müxtəlif proqramlar reallaşdıran ölkələrin sayı çox deyil. Sevindirici haldır ki, Azərbaycan da bu ölkələr sırasındadır. Bu kimi layihələr vasitəsilə gənclər müxtəlif sahələr üzrə məlumatlandırılır".
"Hüquqi və Demokratik İslahatlar" İctimai Birliyinin sədri İlham Əliyev isə deyib ki, Azərbaycanda gənclərlə bağlı dövlət siyasəti Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır: "Ümummilli Lider Heydər Əliyev gəncləri hər bir xalqın, hər bir millətin, hər bir ölkənin həm bu günü, həm sabahı, həm də ümidi adlandırırdı".
Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva fondun həyata keçirdiyi layihələr barədə məlumat verib. Daha sonra "Hüquqlarınızı bilin" layihəsinin həyata keçməsinin vacibliyini vurğulayan fond rəsmisi deyib ki, layihə ölkədə aparılan hüquqi maarifləndirmə işinə dəstək vermək məqsədi daşıyır.
Sonda tədbirdə iştirak edən gənclərin layihə ilə bağlı sualları cavablandırılıb.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB