Polis akademiyasında seminar-müşavirə keçirilib

Polis akademiyasında seminar-müşavirə keçirilib

Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə Polis Akademiyasında "BMT-nin İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiyasının Fakültativ Protokolunun tələblərindən irəli gələn məsələlər və Milli Preventiv Mexanizmin fəaliyyəti" mövzusunda seminar-müşavirə keçirilib. Aparatın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsinin müdiri, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) rəhbəri Vüqar Məhərrəmov tədbirdə məruzə ilə çıxış edib.

Seminar-müşavirədə DİN-in Baş İctimai Təhlükəsizlik, Baş İstintaq və Təhqiqat, Daxili Təhqiqatlar idarələrinin, Polis Akademiyasının məsul əməkdaşları iştirak edib, habelə tədbirə respublikanın bütün şəhər, rayon polis idarələri və şöbələrində quraşdırılan virtual mərkəz vasitəsilə əməliyyat, xidmət üzrə rəis müavinləri və şəxsi heyət üzrə rəis köməkçiləri qatılmış, canlı bağlantı ilə fikir və təcrübə mübadiləsi aparılıb.

MPQ-nin rəhbəri V.Məhərrəmov adı çəkilən Konvensiya, bu beynəlxalq sənədin Fakültativ Protokolu, Azərbaycanda Milli Preventiv Mexanizmin (MPM) fəaliyyəti barədə ətraflı çıxış edib, ölkəmizdə Fakültativ Protokolun icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə Ombudsmanın MPM qismində müəyyən edildiyini diqqətə çatdırıb. O, "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununa Müvəkkilin MPM kimi fəaliyyətinin tənzimlənməsi üzrə əlavə və dəyişikliklər edildiyini vurğulayıb, Ombudsmanın milli qanunvericiliyin həmin Konvensiyaya uyğunlaşdırılması ilə bağlı fəaliyyəti haqqında məlumat verib.

Məruzəçi MPQ üzvlərinin azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən müvəqqəti saxlanma yerlərinə başçəkmələr həyata keçirilməsi, "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı tədbirlər haqqında danışıb, seminar-müşavirə iştirakçılarının, habelə rayon polis idarə və şöbələrindən olan virtual izləyicilərin suallarını ətraflı cavablandırıb.

Yekunda hüquq-mühafizə orqanları əməkdaşlarının hüquqi maarifləndirilməsinə, insan hüquqlarının daha səmərəli müdafiəsinə töhfəsini nəzərə alaraq, belə tədbirlərin və görüşlərin mütəmadi keçirilməsi təklif edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə