Millət vəkili Musa Qasımlı parlamentin bugünkü iclasında Mingəçevir, Qazax, Şirvan, Şamaxı və Quba bölgələrində universitetlərin yaradılmasını təklif edib. SİA-nın xəbərinə görə, xaricdə azərbaycanlı tələbələrin təhsil almasından danışan M.Qasımlı təklif edib ki, tələbələr bakalavr pilləsini Azərbaycanda, magistr pilləsini isə xaricdə alsınlar.
"Azərbaycan elmi xaricə daha yaxşı inteqrasiya edər. Hazırda minlərlə gənc qəbul imtahanı vermədən ailə büdcəsi hesabına Rusiyanın, Ukraynanın, Gürcüstanın bir çox hallarda aşağı səviyyəli universitetlərinin akkreditasiyadan keçməyən fakültələrində təhsil alırlar. Onların çoxları 4 illik təhsil müddəti əvəzində 5 il, bəzən də 8 il təhsil alır. Bəziləri isə heç universiteti bitirə bilmirlər. Belə olan halda, hansı vəziyyət ortaya çıxır? Azərbaycan haqqında mənfi rəy yaranır, Azərbaycanın pulu xaricə gedir, ailələri qohum-qonşuya övladının xaricdə təhsil aldığını deyir. Ölkəyə gəldiyi zaman isə dövlətə tamam başqa münasibət bəsləyirlər. Təbii ki, Azərbaycan azad bir ölkədir. Vətəndaşın xarici ölkəyə gedib təhsil almağı normal bir haldır və bunu qadağan etmək mümkün deyil. Biz alternativlər barədə düşünməliyik. Buna görə də, maliyyə və texniki çətinliklərə baxmayaraq, Şirvanda, Şamaxıda və Qubada, o cümlədən Mingəçevir və Qazaxda universitetlərin açılmasını müvafiq hesab edirəm. Xüsusən, Dağıstan və Gürcüstanda azərbaycanlıların yaşadığını nəzərə alsaq, bunun nə qədər strateji əhəmiyyətli olduğunu görmək olar. Məncə, bunun vaxtı gəlib çatıb" - deyə, M. Qasımlı fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB