Siyavuş Novruzov: "Bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyac yoxdur"
"Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatını qənaətbəxş hesab edirəm. Keçən il iqtisadiyyat sahəsində bir çox yüksəlişlərin olmasına baxmayaraq, həm də həssas il olub. Belə ki, digər ölkələrdə olduğu kimi Azərbaycanda da seçki ili çox həssas keçdi. Azərbaycan hökuməti öz işinə hər zaman uğurlu şəkildə həyata keçirib". SİA-nın xəbərinə görə, bunu Yeni Azərbaycan Partiyası İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov AR Nazirlər Kabinetinin 2013-cü il üzrə illik hesabatının müzakirəsi zamanı çıxışında qeyd edib.
O bildirib ki, seçki dövründə kənardan qarışıqlıq yaratmaq istəyən qüvvələr olsa da, xalqın yekdil qərar qəbul etməsi bütün bunların qarşısını birmənalı şəkildə aldı.
Millət vəkili Siyavuş Novruzov həmçinin bildirib ki, Amerikada təbii fəlakətlər baş verəndə dövlət heç kimə ev tikmir və konpensasiya ödəmir: "Vətəndaşlardan soruşurlar ki, sən mənzilini sığortalamısan, ya yox. Əgər sığortalanıbsa, o zaman avtomatik olaraq məsələ öz həllini tapır. Misal olaraq, "Sahil" metrosunun üstündə böyük ticarət mərkəzi yandı və kifayət qədər insan ziyan çəkdi, ancaq heç kimin sığortası yoxdur. Düzdür, hökumətimiz Kürdən ziyan çəkənlərə görmədikləri mənzili tikib verdi, Zaqatala zəlzələsindən sonra evlər tikildi. Ancaq sığortası olsaydı, belə problem yaranmazdı. Bu gün Azərbaycan hətta corabı, maykanı da ya İran, ya Türkiyə, ya da Çindən alır. Axı ölkəmizin kifayət qədər imkanı var ki, həm yun, pambıq və dəri sənayesini inkişaf etdirsin, həm iş yerləri açılsın, həm də öz hesabına vətəndaşlarını təmin etsin".
S.Novruzov eyni zamanda sənədsiz evlərdən də danışıb. Onun sözlərinə görə, bu məsələyə ciddi nəzarət olmalıdır.
Millət vəkili ön cəbhədə olan zabitlərin təminat səviyyəsinin yüksəldilməsini təklif edib: "Elə insan var ki, 5-6 ildir ön cəbhədə xidmət göstərir və buna görə də digərindən fərqi olmalıdır".
S.Novruzov icra başçılarına da xəbərdarlıq edib: "Bir icra başçısı başqası ilə əvəzlənəndə əvvəlki başçının tikdiyi parkı söküb təzədən tikməyə ehtiyac yoxdur. Dövlətin külli miqdarda vəsaiti gedir. Bir küçə bərbad gündədir, onu təmir etmir, təmir olunan parkı söküb yenidən qurur. Tikmək istəyirsənsə, o zaman yenisini tik. Yoxsa dövlətin vəsaitini havaya sovurmaq lazım deyil".
O həmçinin ölkədən kənarda, xüsusilə də Suriyada döyüşən azərbaycanlılarla bağlı ciddi narahatlığını bildirib: "Ölkədən xaricə döyüşmək üçün axın edənlərin sayının artması narahatlıq doğurur və dövlət bununla bağlı ciddi ölçü götürməlidir. Bu günlərdə bununla bağlı qanunvericiliyə kifayət qədər yeniliklər edilməsi məsələnin müsbət həllində ciddi nəticələrin olacağına ümid verir. Buna baxmayaraq, dövlət bu insanları xaricə cəlb edən təşkilatlara ciddi nəzarət etməlidir. Bu gün bizim Qarabağ kimi problemimiz, uğrunda döyüşmək üçün işğal altında qalan torpaqlarımız var. Amma bunlar cənnətə düşmək arzusu ilə ölkədən baş götürüb kənarda nəyinsə uğrunda vuruşmağa gedirlər. Hələ bilinmir, onlar oradan hansı ağılda və hansı düşüncədə üstümüzə qayıdacaqlar. Ona görə də, hesab edirik ki, dövlət bu işlərlə ciddi məşğul olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB