Azərbaycan Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Sağlam qida ilə sağlam gələcəyə" adlı layihənin təqdimatı keçirilib. SİA xəbər verir ki, tədbirdə çıxış edən layihənin rəhbəri Nərmin Nəsirli deyib ki, düzgün qidalanma ilə yanaşı, insanlar həmçinin sağlam qidadan istifadə etməli və bu yöndə bilgiyə sahib olmalıdır. Onun sözlərinə görə, bu bilgilərdən xəbərsiz olan gənc nəsil "fast food" yeməklərinə daha çox üstünlük verir: "Bunun səbəblərindən biri bu kimi qidaların tez hazırlanması və ucuz başa gəlməsidir. Lakin araşdırmalara görə, bu kimi qidalar insanlarda psixoloji asılılıq, hövsələsizlik yaradır və tədricən onlarda depressiyaya düşdükləri meydana çıxır. Buna səbəb qidanın tərkibindəki yağlardır. Əlbəttə, təsir sadəcə psixoloji yox, həm də fizikidir. Bu qidalar həmçinin kişilərdə sonsuzluq riskini artırır. Alimlər bildirir ki, bu cür tez hazırlanan qidaların tərkibindəki kimyəvi və fiziki dəyişikliyə uğramış qatışıq maddələr bədənin müqavimətini zəiflədir. Layihənin həyata keçirilməsində məqsəd gəncləri bu məhsulların zərərləri barədə məlumatlandırmaqdır".
Azad İstehlakçılar Biriliyin sədri Eyyub Hüseynov tədbirdə çıxışında "fast food" yeməklərinin və GMO məhsullarının insan həyatına təhlükə yaradan zərərləri barədə məlumat verib. Onun sözlərinə görə, bu tip qidaların tərkibinə müxtəlif qatqıların əlavə olunması ilə yaşamaq üçün yediyimiz qidaların bizi məhv etdiyini görürük: "Hər gün şəhərin müxtəlif yerlərində yeni fast-food qidaları satılan obyekt açılır. Bunlar da əsasən, ofislər, təhsil ocaqlarının yaxınlığında yerləşir. Hər gün çoxlarının qəbul etdiyi fast-food qidaları hesab edilən peroşki, dönər, müxtəlif növ hamburgerlər, soyuq buterbrodlar, sandviçlər, pizza, qızardılmış kartof çipsi, toyuq, kolalı içkilər, kappuçino və s. sürətli və ucuz başa gəldiyinə görə sevilir və çox istifadə edilir. Bu qidalar insan orqanizmi və maddələr mübadiləsi üçün çox zərərli olan bir konserogen maddələr, çoxlu miqdarda duz var. Bu qidalar hazırlanarkən adətən, keyfiyyətsiz məhsullardan istifadə olunur".
Tədbirdə iştirak edən Azərbaycan Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Vüsalə Niftəliyeva fondun həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib. "Sağlam qida ilə sağlam gələcəyə" layihəsi barədə də fikirlərini bölüşən fondun rəsmisi deyib ki, layihə aktual problemləri özündə əks etdirib.
Sonda tədbirdə iştirak edən gənclərin layihə ilə bağlı sualları cavablandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB