“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı

“Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarıldı

Bu gün Milli Məclisin Aqrar siyasət və Təbii ehtiyatlar, energetike və ekologiya komitələri bilikdə "Yaşıllıqların mühafizəsi haqqında" qanun layihəsini ikinci oxunuşda müzakirəyə çıxarıb. SİA-nın xəbərinə görə, layihə barədə millət vəkillərinə ətraflı məlumat verən Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib ki, qanun layihəsi Milli Məclisə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən hazırlanaraq təqdim olunub.

O bildirib ki, qanun layihəsi Azərbaycanda insanların sağlam ətraf mühitdə yaşamaq hüququnu təmin etmək məqsədilə meşə fonduna daxil olmayan yaşıllıqların (ağac-kol bitkilərinin) qeydiyyatı, mühafizəsi, salınması, bərpası və artırılması ilə əlaqədar münasibətləri tənzimləyir.

E. İbrahimov qeyd edib ki, bu gün Azərbaycanda yaşıllıqların mühafizəsi istiqamətində müəyyən boşluqlar var və mövcud qanun layihəsi onların aradan qaldırılmasını təmin edəcək: "Qanun layihəsinə ikinci oxunuşda 14 maddəsinə 40-dan çox əlavə təklif və tövsiyyələr daxil edilib. Eyni zamanda qanun layihəsinə 2 yeni maddə əlavə olunub".

İclasda çıxış edən millət vəkili Eldar Quliyev vurğulayıb ki, son illərdə Azərbaycanda yaşıllıqların qorunması üçün bir çox layihələr həyata keçirilir: "Buna baxmayaraq bir sıra neqativ hallar da müşahidə olunur. Belə ki, bir çox xarici ölkələrdən gətirilən ağaclara qulluq edilməsində çatışmazlıqlar mövcuddur. Misal olaraq, Bakıya çoxlu sayda palma ağacları gətirilir, ancaq onlara düzgün qulluq edilmədiyindən palmalar 1 ilə quruyur. Ona görə də Bakının şəraitinə uyğun olan ağaclar gətirilməlidir. Demək olar ki, bu tip ağacların 80 %-i şəhərin havasına uyğunlaşmadığından tələf olur. Bu səbəbdən də təklif edərdim ki, həmin ağacları şəhərimizə gətirməmişdən əvvəl onlara necə qulluq etmək qaydaları ilə maraqlanılsın".

Məlumat üçün bildirək ki, qanun layihəsi yaşıllıqların qeydiyyatını da asanlaşdıracaq və onların hesabatını aparmasına kömək edəcək. Şəhər və digər yaşayış məntəqələrindəki, ümumi istifadə sahələrindəki, istirahət və turizm zolaqlarındakı yaşıllıqlar, o cümlədən xüsusi funksiya yerinə yetirən yaşıllıqlar bu sənədin tətbiq dairəsinə şamil edilir. Əsas məqsəd yaşayış məntəqələrində yaşıllıq zonasını müəyyən etməyə xidmət edir. Yaşıllıların idarə olunmasında bələdiyyələrin, hüquqi və fiziki şəxslərin də üzərinə müəyyən məsuliyyət və vəzifələr qoyulur.

Layihəyə əsasən, dövlət ehtiyacları texnogen və təbii xarakterli fəlakətlər və onun nəticələrini aradan qaldırılması zamanı bu yaşıllıqların qırılmasına icazə verilə bilər. Yaşıllıqlara nəzarət edən qurumlar və onu müdafiə edən şəxslər qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət tərəfindən sığortalanır. Sənəddə həmçinin yaşıllıqların salınması və mühafizəsi məqsədilə stimullaşdırma və maliyyələşdirmə də nəzərdə tutulur. Qanunvericiliyin pozulmasına görə isə məsuliyyət müəyyən edilir. Belə ki, bu qaydaları pozan təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.

Qeyd edək ki, müzakirələrin sonunda qanun layihəsi ikinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə