Azərbaycanda geodinamik şərait GPS texnologiyası ilə tədqiq olunacaq

Azərbaycanda geodinamik şərait GPS texnologiyası ilə tədqiq olunacaq

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Geologiya və Geofizika İnstitutu GPS (qlobal yertəyinetmə sistemi) texnologiyası ilə ölkə ərazisinin geodinamik şəraitinə dair tədqiqatlar aparıb və mühüm nəticələr əldə edib. SİA-nın xəbərinə görə, akademiyanın prezidenti Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında bildirib ki, işlər 1998-ci ildən etibarən ABŞ-ın Milli Elm Fondunun dəstəyi ilə həyata keçirilir.

O həmçinin qeyd edib ki, araşdırmalar "Ərəbistan-Avrasiya kolliziya zonasının kontinental deformasiyalarının interpretasiyası" layihəsi çərçivəsində Massaçusest Texnologiyala İnstitutu ilə birgə aparılır.

Sonra Geologiya və Geofizika İnstitutunun Geodinamika və seysmologiya şöbəsinin rəhbəri, AMEA-nın müxbir üzvü Fəxrəddin Qədirov və müəssisənin aparıcı elmi işçisi Rafiq Səfərov "Azərbaycan ərazisinin GPS məlumatları əsasında müasir kinematikası və gərginlik analizi" mövzusunda məruzə ilə çıxış edərək qeyd ediblər ki, peyk vasitəsi ilə aparılan tədqiqatlar nəticəsində GPS şəbəkəsində horizontal hərəkətlərin paylanma qanunauyğunluqları öyrənilib və müasir geodinamik şərait haqqında yeni məlumatlar əldə edilib.

Məruzədə bildirilib ki, sıxılmalar Böyük Qafqaz, Qobustan, Kür çökəkliyi, Naxçıvan və İranla həmsərhəd ərazilərdə müşahidə olunur. Gərilmələr isə Kiçik Qafqazda Gədəbəy və Şuşa rayonları yaxınlığında özünü büruzə verir.

Məruzə müzakirə və sual-cavablardan sonra Rəyasət Heyətinin qərarı ilə bəyənilib, Respublika Seysmoloji Xidmət Mərkəzi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə birgə tədqiqat proqramı hazırlamaq tövsiyyə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə