"Regionların inkişafı bütövlükdə ümumi inkişafa təsir edən faktordur" Münasibət
"Azərbaycanın yüksək artım templəri əldə etməsinin və indiki inkişaf mərhələsinə çatmasının başlıca məntiqi elmi-iqtisadi məzmunu Ulu öndər Heydər Əliyevin yaratmış olduğu mükəmməl inkişaf doktrinasının təməlləri üzərində inkişaf etdirilən və yeni iqtisadi qanunauyğunluqlar üzərində diversifikasiya olunan fundamental konsepsiyanın həyata keçirilməsi ilə bağlıdır. Prezident İlham Əliyevin yaratdığı yeni makroiqtisadi platforma və inkişaf formulu Azərbaycanın son illər proqressiv meyillərlə irəliləməsinin əsas konsepsiyasını təşkil edib". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə "Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı (2014-2018) Dövlət Proqramı"nın əhəmiyyətindən danışarkən deyib.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafının əsas baza sütunlarından birinə çevrilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı" (2004-2008 və 2009-2013-cü illərə dair) respublikanın sıçrayışlı inkişafını təmin etməklə yanaşı, insanların sosial həyatının yaxşılaşması, bölgələrin simasının əhəmiyyətli dərəcədə dəyişərək yeni proqressiv çalarlar almasında mühüm rol oynayıb: "Şübhəsiz, regionların inkişafı bütövlükdə respublikanın ümuminkişaf göstəricilərinə təsir edən mühüm faktordur. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bölgələrin sosial-iqtisadi inkişafına yönəldilən siyasət neftdən əldə edilən gəlirlərin səmərəli istifadəsi və iqtisadiyyatın şaxələndirilməsi baxımından həlledici əhəmiyyət kəsb edir. Ötən 10 ildə neftdən əldə edilən gəlirlərdən regionlarda həyata keçirilən layihələrə hər il milyardlarla manat vəsait ayrılıb. Bu investisiyalar bölgələrdə sosial-iqtisadi inkişaf üçün ən vacib şərti - infrastrukturun yenidən qurulması ilə yanaşı, hər bir bölgənin ümumi inkişafını təmin edib".
A. Rəhimzadə həmçinin qeyd edib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən Dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin uğurla yerinə yetirilməsi ölkə iqtisadiyyatının dayanıqlı inkişafını təmin etməklə yanaşı, işsizliyin aradan qaldırılması prosesinə əhəmiyyətli zəmin yaradıb: "Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə qəbul edilən inkişaf proqramlarının əsas hədəflərindən biri regionlarda işsizlik probleminin aradan qaldırılmasıdır. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsi olaraq ötən müddət ərzində respublika ərazisində 1,2 milyondan çox yeni iş yeri yaradılıb. Belə ki, son 10 il ərzində regionlarda 500-dən çox sənaye müəssisəsi fəaliyyətə başlayıb. Bölgələrdə yeni iş yerlərinin açılması və işsizlik probleminin demək olar ki, həlli ölkəmizdə yoxsulluğun aradan qaldırılmasına əhəmiyyətli təsir edib".
"Ümumiyyətlə, regionların inkişafı proqramı çox gözəl ideyaya əsaslanır. Bu da ondan ibarətdir ki, Azərbaycanın bütün bölgələri inkişaf etsin. Həmin proqramların icrası nəticəsində Azərbaycanda faktiki olaraq mədəni və iqtisadi mərkəzlər yaranıb. Naxçıvan, Qəbələ, Abşeron və başqa bölgələri buna nümunə göstərmək olar. Bu proqramlar sayəsində insanların rifah halı da çox yüksəlib. Növbəti proqram da bu işlərin davamı və daha yüksək səviyyəyə çatdırılması deməkdir. Hesab edirəm ki, üçüncü dövlət proqramı da Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən genişmiqyaslı inkişaf siyasətinin yeni mərhələsi kimi qiymətləndirilməlidir"- deyə, komitə sədri fikirlərinə əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB