Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə "Unudulmaqda olan dəyərlərimiz" layihəsinə start verilib. SİA-nın məlumatına görə, bununla bağlı keçirilən tədbirdə çıxış edən layihə rəhbəri Ülkər Musazadə bildirib ki, layihənin məqsədi yeniyetmə və gənclərdə Azərbaycanın milli-mənəvi mədəniyyəti haqqında geniş təsəvvür yaratmaqdır.
Layihə rəhbəri onu da qeyd edib ki, bizə ata-bablarımızdan əmanət qalan milli mənəvi dəyərlərimizi hifz edib, yaşatmaq, saflığını qorumaq kimliyindən, zamanından və məkanından asılı olmayaraq, özünü azərbaycanlı bilən hər bir şəxsin vətəndaşlıq borcudur.
Layihə çərçivəsində görüləcək işlərlə bağlı məlumat verən Ülkər Musazadə bildirib ki, təşkil olunacaq tədbirlərdə, görüşlərdə hər dəfə bir mövzu seçiləcək. Mövzu ilə bağlı mütəxəssislər, tarixçilər, alimlər dəvət olunacaq. Eyni zamanda televiziya proqramı hazırlanacaq.
Tədbirdə o da qeyd olunub ki, bu gün Azərbaycan mətbəxinə məxsus yeməklərə, musiqimizə, musiqi alətlərimizə, mahnılarımıza, şair və yazarlarımıza sahib çıxmaq istəyən qüvvələr öz yalançı iddialarını hər gün bir az daha gücləndirirlər. Həmin dövlətlərə, xalqlara tutarlı cavab vermək üçün öz tariximizi, keçmişimizi, bizə aid dəyərlərimizi nəinki unutmamalı, onlar haqqında ətraflı bilgi əldə etməli, dünya miqyasında təbliğatını aparılması istiqamətində işlər görülməlidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB