“Hər şey səndən başlayır”

“Hər şey səndən başlayır”

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə həyata keçirilən "Hər şey səndən başlayır" layihəsinin təqdimatı olub. SİA-nın xəbərinə görə, təqdimat mərasimində layihənin rəhbəri Elvin Abdulqədirov, Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov, fəal gənclər və media nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən layihənin rəhbəri Elvin Abdulqədirov bildirib ki, "Hər şey Səndən başlayır layihəsi" uğura doğru irəliləyən gənclər üçün bir mənəvi, psixoloji dəstək məqsədi daşıyır: "Layihə çərçivəsində təşkil olunan seminarlarda, görüşlərdə gənclərə uğur qazanmağın yolları, gördüyü işdə müvəffəqiyyətsizlik riskini sıfıra endirmək bacarığı aşılanır. Layihənin təməlindəki sual belədir: Niyə müvəffəqiyyətsiz oluruq? Çarəsizlik psixologiyasını necə məğlub edə bilərik? Uğur qazanmağı necə öyrənə bilərik? Müvəffəqiyyətli insanların bildiyi, digər insanların bilmədiyi nədir? Eyni zamanda "Hər şey səndən başlayır" layihəsi yalnız özünü inkişaf etdirmək sahəsində deyil, fəlsəfə, təhsil və psixologiya kateqoriyalarında da bir məlumatlar vermək məqsədi daşıyır. Əslində "Hər şey səndən başlayır" layihəsi bir çox gəncin öz-özünü tanıması, dərk etməsi, daxilindəki gücü ortaya çıxarmaq şansı verir. Müvəffəqiyyətli olmaq üçün lazım olan məlumatları bu layihə vasitəsilə gənclərə izah etmək və mümkün qədər xeyli sayda insana çatdırmaq əsas hədəflərdən biridir".

Daha sonra Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, bu layihə uğur qazananların özünü dərk etdiyi, müvəffəqiyyətli olmaq istəyənlərin metod və motivasiya ala biləcəkləri bir qaynaq, müvəffəqiyyətli bir həyatın başlanğıc nöqtəsi ola bilər.

Tədbirdə iştirak edən fəal gənclərdən Nigar Səfərova, Amal Əsgərov və digərləri layihənin əhəmiyyətindən və gənclərə verəcəyi töhfədən danışıblar.

Mərasim diskusiya şəklidə davam edib.

Sonda Gənclər Fondunun nümayəndəsi Ramin Cəfərov gəncləri maraqlandıran sualları cavablandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə