Bulvara gedənlərə şad xəbər REPORTAJ

Bulvara gedənlərə şad xəbər REPORTAJ

Dünyanın iri şəhərləri, xüsusilə paytaxt şəhərlər məxsus olduqları dövlətlərin bütövlükdə siyasi-iqtisadi, tarixi-mədəni inkişaf səviyyəsini, eləcə də, şəhərsalma mədəniyyətini özündə ehtiva edir. Azərbaycanın paytaxtı da yüz illər ərzində formalaşan qədim Şərq və müasir Qərb memarlığının sintezinə əsaslanan özünəməxsus şəhərsalma ənənələrinə malik məkandır. Bakı şəhərinin əvəzsiz incilərindən olan Dənizkənarı Bulvar maddi mədəniyyətimizin əsrarəngiz nümunəsi olmaqla yanaşı, onun həm tarixi, həm də müasir simasını təşkil edən xüsusi təbii komplekslərdən biridir.

Son illərdə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə baş verən sürətli sosial-iqtisadi inkişaf meqapolisə çevrilməkdə olan Bakının simasını nəzərəçarpacaq dərəcədə dəyişib. Təbii ki, bu, Dənizkənarı Milli Parkdan da yan ötməyib. Şəhərsalma, istirahət və turizm infrastrukturu, gözəlləşən paytaxtımızın ekoloji təhlükəsizliyi Dənizkənarı Milli Parkla bağlı strategiyanın həyata keçirilməsi üçün daha böyük imkanlar açıb. Bakı şəhərindəki Dənizkənarı Bulvarın Azərbaycan tarixi, mədəniyyəti və ekoloji təhlükəsizliyi üçün əhəmiyyətini nəzərə alaraq, ölkə Prezidenti İlham Əliyev tərəfindən imzalanan Sərəncamlar Dənizkənarı Bulvarın vəziyyəti, mühafizəsi, qorunması və bərpasına yönəlib.

Bu gün Dənizkənarı Bulvar Bakı şəhərinin ən maraqlı və spesifik təbii şəraitə malik yerlərindən biridir. Ümummmilli Lider Heydər Əliyevin Sərəncamı ilə 1998-ci ildən Milli Park statusu verilən bulvar son illərdə dünyanın ən müasir dənizkənarı parklarından birinə çevrilib.

Dövlət başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanına qədər uzadılması ilə bağlı tapşırıqları əsasında şəhərimizin sahil boyuna xüsusi yaraşıq verən və ümumi sahəsi 20 hektar, uzunluğu 1,8 kilometr olan yeni bulvar salınıb. Aparılan quruculuq və abadlıq işləri sayəsində paytaxt Bakı tədricən öz görkəmini dəyişib və dünyanın ən gözəl şəhərləri sırasında yerini möhkəmləndirib.

Sevindirici haldır ki, artıq Dənizkənarı Milli Park həm də yeni-yeni atraksionları ilə həm şəhər sakinlərinin, həm də xarici turislərin zövünü oxşamaqdadır. Müasir atraksion-panoramın tikinti və quraşdırma işlərinə Hollandiyanın Dutch Wheels (Daç Vilz) şirkəti ilə bağlanmış müqaviləyə əsasən, 2013-cü ilin sentyabrında başlanılıb. Tikinti və quraşdırma işləri yüksək keyfiyyətlə həyata keçirilib. Diametri 60 metr olan yeni qurğuda hərəsində 8 nəfərlik yer olmaqla 30 kabinə vardır. Yeni atraksion-panoram sabahdan etibarən paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının istifadəsinə veriləcək.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidovun sözlərinə görə, bu atraksion ölçülərinə görə Avropada ən böyük attraksionlardan sayılır və Avropanın bu sahədə fəaliyyət göstərən ən tanınmış şirkəti tərəfindən inşa olunub: "Dənizkənarı Bulvarın yeni hissəsi istifadəyə verildikdən sonra qərar qəbul olundu ki, burada yeni və möhtəşəm atraksion qurulsun. Bununla da həmin attraksionla bulvarın hər yerini görmək mümkün olsun. Atraksionun ölçülərini köhnə atraksionlarla müqayisə etsək, əgər onların diametri 20 metr idisə, bu atraksionun diametri isə 60 metrdir. Müasir atraksion-panoram ən müasir texnologiyalarla hazırlanıb. Bu attraksionun qapıları avtomatik olaraq açılır və bağlanır. Burada işıqlanma sistemi elə qurulub ki, gecələr şəhərə özəl bir görüntü verir. Bundan əlavə 240 nəfər bu atraksiondan istifadə edə bilər. Atraksionda 8 nəfərlik yer olmaqla 30 kabinə quraşdırılıb.

Qiymətlərə gəlincə deyə bilərəm ki, 6 yaşına qədər uşaqlar bu atraksiondan pulsuz istifadə edəcəklər, 6 yaşdan 13 yaşınadək olan uşaqlara biletin qiyməti 3 manat olacaq. 13 yaşdan yuxarı uşaqlara isə biletin qiyməti 5 manatdır. Avropanı gəzən, oranın atraksionundan istifadə edən insanlar da şahidi ola bilərlər ki, ölkəmizdə bu qiymətlər normaldır. Beləcə bu qiymətlərlə hər kəsin imkanı olacaq həmin atarksiondan istifadə etsin.

Bu atraksionun idarə olunması internet, vay-fay vasitəsilə həyata keçirilir. Təbii ki, bu da idarəetməni çox asanlaşdırır. Hətta insanlar bu attraksionun gec açılmasına görə bir qədər narahat idilər. Onlar bu açılışı yeni il ərəfəsində gözləyirdilər. Deyərdim ki, atraksion vaxtında açılıb. Bir neçə aydan artıq idi ki, müasir attraksion-panoram hazır vəziyyətə gətirilmişdi. Sadəcə olaraq Niderland Krallığından olan nümayəndələr, şirkətin üzvləri bizim işçilərə bu qurğunun işləmə mexanizmini izah edirdilər. Bununla bağlı treninqlər keçirilirdi. Martın 10-da həmin attraksionun texniki açılışı oldu".

Xatırladaq ki, bir əsrlik tarixi olan Bakı Dənizkənarı Bulvarının salınması 1909-cu ildə Bakı Şəhər Duması tərəfindən qərarlaşdırılıb. Bu gün Milli Parkımız ərazisinin böyüklüyünə görə Parisdə Sena çayı sahilindəki parkdan sonra Avropada ikinci yerdədir.

Qeyd edək ki, şəhər sakinlərinin və eləcə də paytaxtımıza gələn qonaqların asudə vaxtlarını səmərəli təşkili üçün qısa vaxt ərzində burada ən müasir infrastruktur yaradılıb. Burada müasir tələblərə cavab verən yeni-yeni müxtəlif xidmət və iaşə obyektləri tikilib istifadəyə verilib. Bakı Bulvarı özünəməxsus gözəlliyi ilə turistlərin diqqətini cəlb edir. Ərazidə uşaqların və yeniyetmələrin əyləncəsini təşkil etmək üçün də yeni layihələrin icrasına başlanılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə