Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı Sərhədsiz İnsan Hüquqları Beynəlxalq Qeyri-hökumət təşkilatının direktoru cənab Villy Fantreni qəbul edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonaq təmsil etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verərək Azərbaycanda milli azlıqların hüquqlarının qorunması vəziyyəti ilə bağlı araşdırma apardığını bildirib, Ombudsman təsisatının bu istiqamətdə fəaliyyəti ilə maraqlanıb, bir sıra sualların cavablandırılmasını xahiş edib.
Ombudsman Aparatının rəhbəri qonağa ölkəmizdə milli azlıqların hüquqlarının təmini və müdafiəsi sahəsində həyata keçirilmiş islahatlar, Müvəkkilin mandatı, səlahiyyətləri, insan hüquqlarının, o cümlədən əhalinin müxtəlif təbəqələrinin, eyni zamanda milli azlıqların, etnik qrupların hüquqlarının müdafiəsi istiqamətində fəaliyyəti barədə geniş məlumat verib.
A.Səfixanlı Azərbaycan əhalisinin tarixən polietnik, çoxmillətli olduğunu, çoxmillətli dövlət olan ölkəmizdə milli azlıqların və azsaylı xalqların bərabərhüquqlu vətəndaşlar kimi yaşadığını və bu faktın respublikamızda azsaylı xalqlara və etnik qruplara diqqətin təzahürü olduğunu, onların inkişafı üçün lazımi şəraitin yaradıldığını qeyd edib.
A.Səfixanlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili haqqında Konstitusiya Qanununun müddəalarına əsasən, irqindən, milliyyətindən, dinindən, dilindən və digər əlamətlərindən asılı olmayaraq, ölkə ərazisində yaşayan hər kəsin Ombudsmana müraciət etmək hüququnun olduğunu, Konstitusiya Qanununun 8.1-ci maddəsinə əsasən, Müvəkkilin Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin insan hüquqlarının pozulmasına dair şikayətlərə baxdığını bildirib.
Görüşdə həmçinin, Azərbaycan Ombudsmanının xarici həmkarları ilə ikitərəfli əməkdaşlıq sazişləri imzaladığı, bu sazişlərdə qarşılıqlı təcrübə mübadiləsi ilə yanaşı, hər iki ölkədə yaşayan millətlərin mövcud problemlərinin həllində, o cümlədən beynəlxalq müqavilələrdə təsbit olunan hüquq və azadlıqlarının təmin edilməsində birgə iştirak istiqamətlərinin nəzərdə tutulduğu, Azərbaycan Ombudsmanının ünvanına daxil olmuş müraciətlər əsasında, müxtəlif millətlərdən olan insanların mövcud problemlərinin həlli istiqamətində müvafiq işlərin görüldüyü, eyni zamanda respublika ərazisində yaşayan vətəndaşlığı olmayan və əcnəbi şəxslər tərəfindən Ombudsmana ünvanlan müxtəlif məzmunlu müraciətlərin qanunun tələbləri əsasında araşdırıldığı qeyd olunub.
V.Fantre səmimi qəbul və faydalı fikir mübadiləsi üçün təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB