Məşhurlar Yel çərşənbəsi ilə bağlı təəssüratlarını SƏS TV ilə bölüşdü - REPORTAJ

Məşhurlar Yel çərşənbəsi ilə bağlı təəssüratlarını SƏS TV ilə bölüşdü - REPORTAJ

Novruz bayramının üçüncü və bu mərasimlərin içərisində mühüm əhəmiyyət kəsb edən çərşənbələrindən biri də Yel çərşənbəsi adlanır. Xalq arasında "Külək oyadan çərşənbə", "Küləkli çərşənbə" kimi tanınan Yel çərşənbəsi ilaxır çərşənbələrin üçüncüsüdür. Müasir zamanımızda isə Yel çərşənbəsi xalqın arasında Külək çərşənbəsi kimi də çağrılır. Əlbəttə yel insanların düşüncəsində havanın mənasını kəsb edir və insanların həyatın yaranışından etibarən onunla nəfəs aldığına işarədir. Baharın gəlişi ilə havaların dəyişməsi, durmadan həzin küləklərin və mehlərin olması insan aləmində də müxtəlif dəyişikliklərə yol açır. Xüsusən rayonlarda və kəndlərdə yaşayan insanların əkin və biçinində, onların zəmilərində həzin küləklərin olması torpağın yavaş-yavaş oyanmasına işarədir.

Xüsusən qeyd edək ki, artıq Novruz bayramına yaxınlaşdıqca havada olan dəyişkənliklər də tam sezilməyə başlanılır. Bu da əkinçilikdə və kənd təsərrüfatı ilə məşğul olan insanların həyatında mühüm rol oynayır. Bayramın gəlişi özünü son çərşənbələrdə daha çox biruzə verməyə başlayır.

Üçüncü çərşənbə sayılan yel digərlərindən insanlrın fəaliyyətlərinə və adət - ənənələrində əks olunan fərqliliklərə görə seçilir. Məhz bu çərşənbə günü bütün evlərdə təmizlik işlərinə başlanılır. Xüsusən qadınlarımız, qızlarımız evdə tam mənada təmizliyə riayət etməyə başlayırlar. Hər bir xanım evindəki yorğan, döşəyi havaya atır və onun təzə gələn bahar nəfəsilə yenilənməsini, çıxan günəşin təsiri altında daha da təmizlənməsini istəyirlər. Həmçinin evlərdə hər tərəf silinib, təmizlənir, palazlar, xalçalar çırpılır, şüşələr, pəncərələr silinməyə başlanılır. Bununla yanaşı xanımlar artıq bayramın özü üçün tədarüklər etməyə başlayırlar. Onlar bişirəcəkləri şirniyyatlara lazım olan məmulatları indidən hazırlayırlar. Həmçinin Novruz bayramının ən əsas xoşa gələn tərəflərindən biri də həmin gün ərzində insanların əynindəki paltarların təzə olmasıdır.

Dünya ölkələrinə nisbətən Azərbaycanda bu bayram daha böyük təntənə ilə keçirilir. Ümumiyyətlə isə insanlar yelin yəni küləyin insanlara xoş və şirin təəsürratlar gətirəcəyini inanırlar.

Azərbaycan Aşıqlar Birliyinin katibi Musa Nəbioğlu: "Dünyada bayramlar çoxdur. Hər bir xalqın özünəməxsus bayramı vardır. Amma bu Novruz bayramının digər bayramlardan fərqli cəhəti, özəlliyi isə ondan ibarətdir ki, burada küsülülərin barışması mütləq bir şərt kimi irəli sürülür. Bu mənada hesab edirəm ki, Novruz bayramı sülh, barış və əmin-amanlıq bayramıdır. Arzum odur ki, gələn il bu bayramı Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ torpağında qeyd edək".

Aşıq Fəzail Miskinli: "Arzum odur ki, hər bir müsəlmanın, azərbaycanlının evində qazanı hər zaman qaynasın. Ümumiyyətlə, bu bayramı xalqımız neçə-neçə əsrlərdən, qərinələrdən bəri qeyd edir. Hətta o də məlumdur ki, Sovetlər dönəmində Novruz bayramının keçirilməsinə icazə verilmirdi. Amma buna baxmayaraq xalq öz əzmkarlığını, qələbə əzmini itirməyərək bayram əhval-ruhiyyəsini hər zaman regionlarda, bölgələrdə, kəndlərdə yüksək səviyyədə qoruyub saxlamışdır. Mən bir daha Azərbaycan xalqını bu bayram münasibətilə səmimi qəlbdən təbrik edirəm, onlara bol ruzi-bərəkət arzulayıram".

Meyxanaçı Vüqar Əbdülov: "Artıq bir həftədən sonra bahar Azərbaycana daxil olacaq. Bu yel çərşənbəsi münasibətilə ilə bütün meyxanaçılar, bütün sənət yoldaşlarımız adından Azərbaycan xalqını təbrik edirəm. Bu gündən etibarən artıq ölkəmizdə bahar havası, yeli hiss olunur. Hətta qədimdən, baba-nənələrimizin dilindən də eşitmişik ki, yaz dumanı bar gətirər. Qoy bu yaz dumanı, yaz yağışı ölkəmizə, xalqımıza ruzi-bərəkət gətirsin".

Meyxanaçı Namiq Məna: "Həqiqətən də deyərdim ki, ölkəmizdə artıq bahar təravəti duyulur. Mən də fürsətdən istifadə edərək bu bahar bayramı münasibətilə bütün dünya azərbaycanlılarını təbrik edirəm. Təbii ki, hər bir çərşənbənin özünəməxsus adət-ənələri var. Arzum odur ki, bu bayramları Dağlıq Qarabağda, Zəngəzurda, Göyçədə keçirək".

Şəhər sakini, Qabil Kazımov: "Hər dəfə bayram gələndə biz sevinirik və ürəyimiz şad olur. Bütün çərşənbələrdə olduğu kimi, bu yel çərşənbəsində də evimizdə aş dəmlənəcək. Artıq havalar getdikcə isinməyə doğru gedir və əkin-biçin işlərinə başlanılır".

Şəhər sakini Sahib Əliyev: "Hər bir çərşənbədə olduğu kimi, bu çərşənbədə də evdə müxtəlif təamlardan yeməklər bişirilir, şirniyyatlar hazırlanır. Daha sonra küsülülər bir-biri ilə barışırlar. Arzum odur ki, bayram günü heç kim küsülü qalmasın. Eləcə də bu bayramlarda cavanlarımız bir-birini təbrik etməli, öz qohumlarının evlərinə baş çəkməlidirlər".

Evlərdə yenə də bütün çərşənbələrdə olduğu kimi, qazanlar qaynamalıdır. Hamı evində olmalı və birlikdə süfrə başına yığışmalıdırlar. Stolun üzərində şirniyyatların olması bütün ilin şirin keçməsinin əsas göstəricisi hesab olunur. Məhz bu səbəbdən insanlar hər çərşənbə süfrədə şirin məmulatların qoyulması üçün cəhd göstərirlər.

Yel çərşənbəsində əsən küləklər bir gün ərzində bir neçə dəfə istiqamətini dəyişir. Hətta küləklərin durmadan isti və soyuq olmasına da rast gəlmək mümkündür. Bu da əvvəlki çərşənbə olan Od çərşənbəsində qeyd etdiyimiz Boz ayla əlaqədar olaraq formalaşır. Bu çərşənbə də digərlərində olduğu kimi hamının qapısında, həyətində tonqallar qalanır. Eyni ilə digər çərşənbələrdə olduğu kimi yenə insanlar bu tonqalların üzərindən tullanırlar.

Xanımlarımızın digər çərşənbələrdə qoyduğu səməni də artıq böyümüş olur. Qeyd edək ki, səməni yaşıllıq, bol və bərəkət, ruzi mənasını özündə birləşdirir. Onun yaşıl rəngdə olması isə baharın, yazın gəlişindən xəbər verir. Artıq yel çərşənbəsində qismən böyümüş səməninin ortasına qırmızı lent bağlanılır. Əlbəttə qədim zamanlardan qırmızı bizim adət - ənənələrimizdə sevinc, ruh yüksəkliyi və xoşbəxtliyin mənasını ifadə etmişdir. Bu bayram da məhz bütün Azərbaycanlılar üçün bu mənanını kəsb edir.

Bütün xəbərlər Facebook səhifəmizdə