Paytaxtda “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı dəyirmi masa keçirilib

Paytaxtda “Azərbaycan Böyük Vətən müharibəsi illərində” adlı dəyirmi masa keçirilib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) "Birliklə əldə olunan qələbə. Azərbaycan Böyük Vətən müharibəsi illərində: hərbi xidməti nailiyyətlər" adlı dəyirmi masa keçirilib. SİA-nın məlumatına görə, tədbir "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun Azərbaycan filialı, AMEA-nın Tarix İnstitutu və Qorçakova Fondunun birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə "Avrasiya Tədqiqatlar İnstitutu" İnkişaf Fondunun prezidenti Valeriy Tursunov, fondun Azərbaycan filialı üzrə direktoru Rauf Həsənov, AMEA-nın Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov, rusiyalı qonaqlar, veteranlar və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rauf Həsənov hər kəsi salamlayaraq bildirib ki, dəyirmi masanı keçirməkdə məqsəd Azərbaycanın müharibənin qələbəsindəki rolu və digər məsələləri müzakirə etməkdir: "Bu il həmçinin Leninqradın blokadadan azad olunmasının 70 illiyi tamam olduğuna görə, dəyirmi masanın müzakirə hissəsinə bu məsələ də daxil edilib ".

Dəyirmi masanın işinə uğurlar arzu edən R. Həsənov hər kəsi mövzu ilə bağlı müzakirələrə qoşulmağa dəvət edib.

Tədbirin davamında söz alan Fondun prezidenti Valeriy Tursunov qonaqları salamlayaraq söyləyib ki, indiyə qədər Minskdə, Dağıstanda, Riqada və digər ölkələrdə bu kimi dəyirmi masalar keçirilib, lakin Bakıda keçirilən dəyirmi masa aprelin 29-da Kursk şəhərində keçiriləcək eyni adlı tədbirə hazırlıq məqsədi daşıyır.

Onun sözlərinə görə, Kursk şəhərində baş tutacaq beynəlxalq tədbirdə Orta Asiya, Şimali Qafqaz, Baltikyanı və digər MDB ölkələri iştirak edəcəklər: "Həmçinin tədbirə müxtəlif ölkələrdən Böyük Vətən müharibəsində iştirak edən veteranlar da dəvət olunacaq".

Müharibənin qələbəsində Azərbaycanın roluna toxunan Fondun prezidenti qeyd edib ki, əldə olunan qələbədə Azərbaycan neftinin rolu danılmazdır: "Böyük Vətən müharibəsi tarixin canlı səhifəsidir. 4 il davam edən müharibə regional xarakterə malik idi. Bu müharibədə bir çox ölkələr iştirak edib. Lakin qələbənin əldə olunmasında Azərbaycan neftinin böyük rolu var. Biz Böyük Vətən müharibəsi ilə bağlı bir çox ölkələrdə dəyirmi masalar keçirmişik. Tədbir hər ölkədə, xüsusilə də veteranlar tərəfindən yüksək səviyyədə qarşılanır. Biz çox şadıq ki, keçirdiyimiz tədbirlərdə veteranlar da iştirak edirlər. Veteranlar müharibənin yadigarlarıdırlar. Onlar bizim üçün əzizdir. Tədbirin keçirilməsində bizə kömək edən Azərbaycan Prezident Administrasiyasına öz təşəkkürümüzü bildiririk".

Daha sonra çıxış edən Cəbi Bəhramov dəyirmi masanın əhəmiyyətindən danışıb. Belə bir tədbirin ölkəmizdə keçirilməsinə görə, Fonda təşəkkürünü bildirən C. Bəhramov söyləyib ki, mövzu çox aktual mövzudur: "Böyük Vətən müharibəsi Azərbaycan tarixində mühüm səhifəyə malikdir. Bu gün belə bir dəyirmi masanın keçirilməsi və Azərbaycanın qələbədəki rolunu müzakirə edilməsi bizim üçün qürurvericidir".

Tədbirin davamında iştirakçılar "Müharibənin qələbəsində Azərbaycan neftinin rolu", "Ölkəmizdə müharibəyə dair tarixi abidələrin qorunması", "1941 - 1945-ci illərdə Azərbaycan mədəniyyəti", "Leninqradın blokadada qalması" və digər mövzularda mühazirələrlə çıxış ediblər.

Fond Azərbaycanda müxtəlif ali məktəblərdə təhsil alan 12 tələbəyə "Mendeleyev" təqaüdü ayırıb. Tədbirdə həmin tələbələrə təqaüd Sertifikatı da təqdim edilib.

Tədbir müzakirələr əsasında davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə