Əli Həsənov: "Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik olmayıb"
"Dini etiqad azadlığı, missionerlik fəaliyyəti və media" mövzusunda keçirilən konfransda Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun çıxış edib. SİA həmin çıxışı təqdim edir.
Din-dövlət münasibətlərinin aktuallığı
Ə.Həsənov bildirib ki, dünya tarixinin bütün mərhələlərində, o cümlədən qloballaşmanın vüsət aldığı müasir dövrdə din və missionerlik amilinin etno-siyasi proseslərdə, cəmiyyət həyatında rolu, ictimai münasibətlərin formalaşmasına təsiri məsələsi daim geniş müzakirə mövzusu olmuş və öz aktuallığı ilə seçilmişdir: "Dünyanın müxtəlif bölgələrində dini və milli zəmində baş verən qarşıdurma və münaqişələr, dini konfessiyaların, təriqətlərin, institutların cəmiyyətlərin siyasi həyatına, ayrı-ayrı dövlətlərin idarəçilik sisteminə təsir göstərmək cəhdləri bu gün də din-dövlət münasibətlərini gündəmdə saxlayır və ictimai müzakirəsini aktuallaşdırır".
Din-dövlət münasibətlərinin hüquqi əsasları
PA rəsmisi qeyd edib ki, Azərbaycan Respublikasında din-dövlət münasibətləri Konstitusiyaya, müvafiq qanunlara və ölkəmizin qoşulduğu beynəlxalq konvensiyalara əsasən tənzimlənir: "Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi və unitar respublikadır. Ölkədə din dövlətdən ayrıdır, dövlətin hüquq, idarəçilik, təhsil, ictimai münasibətlər, qulluq və s. sistemləri dünyəvi xarakter daşıyır. Eyni zamanda, dini etiqad azaddır, hər kəsin dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə etiqad etmək, yaxud heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə bağlı əqidəsini ifadə etmək və yaymaq və s. hüququ vardır. Qanunun tələbinə görə, bütün bu proseslər dövlətin qanunlarına, dünyəvi idarəçilik sisteminə, cəmiyyətin hüquqi və ictimai normalarına müdaxilə və təzyiq yolu ilə deyil, qanun çərçivəsində baş verməlidir.
Azərbaycan Respublikasında öz fəaliyyətini mövcud qanunvericilik çərçivəsində quran, xalqımızın milli-mənəvi dəyərlərinə və dini hisslərinə hörmətlə yanaşan bütün dini təşkilatlar və icmalar üçün lazımi şərait yaradılır, onların təşəbbüsləri, rəy və təklifləri nəzərə alınır. Hökumət, hətta onun öhdəliyinə daxil olmasa belə, bu sahədə mövcud qanunlar çərçivəsində dini etiqad və ayinlərlə bağlı öz vətəndaşlarının fəaliyyətinə zəruri şərait yaradır, dövlət vəsaiti hesabına məscidlər, kilsələr, sinaqoqlar və s. ibadət ocaqları tikilir, köhnələri bərpa və təmir olunur və dindarların istifadəsinə verilir. Bundan başqa, dövlət başçısının sərəncamı ilə dini icmalara birbaşa vəsait ayrılır, onların bu və ya digər tədbirləri maliyyələşdirilir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan dövlətinin din siyasəti demokratik vətəndaş cəmiyyəti kursuna, həmçinin dövlət-din münasibətlərinin milli-mənəvi və hüquqi müstəvidə tənzimlənməsi prinsipinə əsaslanır. Müasir dünya cəmiyyətlərinin ən mütərəqqi dəyərlərindən biri hesab olunan dini tolerantlıq mühiti Azərbaycan cəmiyyətinin nümunəvi birgəyaşayış normasına çevrilmişdir.
Azərbaycanda heç vaxt dini zəmində ayrı-seçkilik və vətəndaş qarşıdurması baş verməmiş, bu sahədə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi münasibətlər mövcud olmuşdur. Son illər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasət nəticəsində Bakı şəhəri regionun və dünyanın əsas dinlərarası və mədəniyyətlərarası dialoq mərkəzlərindən biri kimi tanınmağa başlamışdır. Ölkəmizdə keçirilən çoxsaylı beynəlxalq tədbirlərdə dünyada milli və dini tolerantlığın gücləndirilməsi, multikulturalist dəyərlərin təbliği, dini zəmində ekstremizmə və ayrı-seçkiliyə qarşı birgə mübarizə yollarının araşdırılması, fərqli dinlərin və mədəniyyətlərin daşıyıcısı olan insanlar arasında dialoq və qarşılıqlı anlaşmanın bərqərar edilməsi və s. aktual problemlər geniş müzakirə olunur".
Dini ibadət azadlığından və multikulturalist mühitdən sui-istifadə halları ilə mübarizə
Ə.Həsənov: "Təəssüflə qeyd etmək lazımdır ki, Azərbaycanın sürətli inkişafı, ölkədəki sabitlik, vətəndaş həmrəyliyi, dini və milli tolerantlıq mühiti bəzi daxili qrupların və xarici qüvvələrin, müəyyən əcnəbi dairələrin maraqlarına cavab vermir. Son zamanlar ölkəmizin hüdudlarından kənarda yaradılan və sistemli şəkildə istiqamətləndirilən müxtəlif missioner təşkilatları, dini təriqətlər Azərbaycana da ayaq açmış və respublika ərazisində şəbəkələşməyə cəhd göstərirlər. Bu cərəyanların bəzisi öz məqsədlərinə uyğun olaraq ictimai rəyin formalaşdırılması, radikallıq meyllərinin gücləndirilməsi, dövlətin hüquqi normalarına və idarəçilik sisteminə təsir imkanlarının əldə edilməsi istiqamətində cəhdlər göstərirlər.
Vətəndaşların müxtəlif yollarla şirnikləndirilməsi, ələ alınması və müxtəlif şəbəkələrdə yerləşdirilməsi, cəmiyyətdə radikal dini ideyaların aşılanması, insanların təfəkkürünün, dünyagörüşünün süni yollarla dəyişdirilməsi, ayrı-ayrı qanunsuz icmaların yaradılması və fəaliyyətinin istiqamətləndirilməsi, cəmiyyət həyatının ahəngdar ritminin, mövcud ictimai-siyasi sabitliyin pozulması cəhdləri və s. bu təşkilatların ümumi xarakteristikasını təşkil edir. Bundan başqa, yeniyetmələrin və gənclərin özlərinin təsir dairəsinə salınması, yetişdirilməsi və məqsədyönlü şəkildə cəmiyyətdə təsir imkanlarının əldə edilməsi meylləri müşahidə olunmaqdadır. Bu gün Yaxin Şərqdə, bəzi region ölkələrində dini qrupların və təriqətlərin cəmiyyət həyatını, hakimiyyəti idarə etmək cəhdlərinin ciddi kataklizmlərə, qarşıdurmalara, siyasi və iqtisadi böhranlara səbəb olduğu açıq görünür. Hazırda bu məsələlərin geniş ictimai müzakirələrə yol açması müxtəlif mülahizələrin, rəy və təkliflərin irəli sürülməsi bir daha təsdiq edir ki, cəmiyyət dağıdıcı təriqətlərin peyda olmasından narahatdır. Odur ki, hüquqi normalar çərçivəsində mövcud qanunlara və ictimai davranış normalarına riayət etməyən, maraqlı xarici dairələrin təsiri altında pozuculuq fəaliyyəti nümayiş etdirən təşkilatlara və şəxslərə qarşı respublikada dövlət səviyyəsində ardıcıl və sistemli tədbirlər görülür, bundan sonra da görüləcəkdir. Azərbaycan dövləti müxtəlif dini təriqətlərin, missioner təşkilatların anti-milli fəaliyyətinə qarşı qəti barışmaz mövqedədir və onların niyyətləri heç vaxt nəticə verə bilməz", deyə vurğulayıb.
Medianın və jurnalistlərin vəzifələri barədə danışan Ə.Həsənov bildirib ki, bu gün dövlətçilik maraqlarımıza zidd fəaliyyət göstərən, əsrlərlə formalaşmış milli-mənəvi dəyərlərimizə, adət-ənənələrimizə, milli və dini hisslərimizə hörmət etməyən, cəmiyyət daxilində gərginlik yaratmaq, vətəndaşları doğru yoldan sapdırmaq və üz-üzə qoymaq, onları dünyanın müxtəlif yerlərindəki münaqişələrdə iştiraka meyilləndirmək və ya təhrik etmək istəyənləri, habelə şəbəkələşərək pozuculuq fəaliyyəti göstərənləri ifşa etmək, onların əsl simasını cəmiyyətə tanıtmaq kütləvi informasiya vasitələrinin qarşısında duran əsas vəzifələrdən biridir: "Azərbaycan mediası öz mütərəqqi ənənələrini davam etdirərək milli maraqlarımızı və mənəvi dəyərlərimizi hər şeydən uca tutmalı, ümummilli məsələlərdə vahid mövqe ortaya qoymalı, Azərbaycan dövlətçiliyinin və vətəndaş birliyinin əsaslarını sarsıtmaq istəyən daxili və xarici dairələrə qarşı barışmaz olmalıdır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB