Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində ilk Gənclər Evinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, mərasimdə gənclər və idman naziri Azad Rəhimov, rayonun icra başçısı, dövlət qurumlarının rəsmiləri və bir sıra şəxslər iştirak edib.
Açılış mərasimində çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın tədbirlər planına uyğun olaraq, Bakının Binəqədi, Xəzər, Qaradağ, Sabunçu, Suraxanı rayonlarında Gənclər Evinin tikintisi nəzərdə tutulub: "Bakının Xəzər rayonunda bu gün açılışı gerçəkləşdirilən Gənclər Evi paytaxtda tikilməsi nəzərdə tutulan 5 Gənclər Evindən birincisidir".
Nazir gənclər evlərinin əsas məqsədinin gənclərin təşəbbüslərinin dəstəklənməsi və inkişaf etdirilməsi üçün şəraitin yaradılması, gənclərin özlərini bir şəxs kimi müəyyən etməsi və özünü reallaşdırılması, həmçinin müvafiq rayonun ərazisində dövlətin gənclər siyasətinin reallaşdırılmasında Gənclər və İdman idarələrinin fəaliyyətinə yardım göstərilməsi olduğunu deyib.
A. Rəhimov həmçinin qeyd edib ki, "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının tədbirlər planına uyğun olaraq Gəncə, Mingəçevir, Naxçıvan, Sumqayıt, Şəki, Şirvan, Bərdə, Qazax, Quba və Şamaxıda da Gənclər Evinin yaradılması nəzərdə tutulub.
Çıxışlardan sonra açılış rəmzi olan qırmızı lent kəsilib.
Qeyd edək ki, ümumilikdə 2013-cü ilin sonuna qədər Gənclər evlərinin sayı 25-ə çatıb. Eyni zamanda, 2014-cü ildə daha 6 Gənclər Evinin açılışı nəzərdə tutulur. İlk Gənclər evi 2006-cı ildə Ağsu rayonunda fəaliyyətə başlayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB