"Sovetski" niyə sökülür? REPORTAJ-FOTOSESSİYA

"Sovetski" niyə sökülür? REPORTAJ-FOTOSESSİYA

Son illər Azərbaycan bütün sahələrdə böyük uğurlar qazanaraq beynəlxalq aləmdə yüksək nüfuz sahibinə çevrilib. Bu gün müstəqil Azərbaycan demokratik və bəşəri dəyərlərin bərqərar olduğu məkan, dünya birliyinin layiqli üzvü, davamlı inkişaf edən, dayanıqlı iqtisadiyyata malik ölkədir. Aparılmış islahatlar nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, dövlətin iqtisadiyyata müdaxiləsi minimuma endirilib, özəl bölmənin fəaliyyəti üçün əlverişli imkan yaradılıb, azad rəqabət mühiti təmin edilib, bazar institutları formalaşıb, xarici iqtisadi fəaliyyət liberallaşdırılıb, ölkə iqtisadiyyatı konkret proqramlar əsasında idarə olunan iqtisadiyyata çevrilib. Sözsüz ki, bu uğurlara Prezident İlham Əliyevin ümummilli liderimiz Heydər Əliyevin inkişaf strategiyasına əsaslanan, düşünülmüş və uzaqgörən siyasəti nəticəsində nail olunub.

Məlum olduğu kimi, son illər Bakı şəhərinin müxtəlif rayonlarında dövlət əhəmiyyətli tikinti işləri aparılır. Bəzən iri həcmli tikinti planına yaşayış sahələri də düşür. Belə olan halda həmin mənzillərin sakinlərinə dövlətin müəyyənləşdirdiyi, amma kommersiya qiymətlərinə uyğun pul vəsaiti ödənilir.. Sökülən ərazilərdə ya müasir tələblərə cavab verən binalar inşa olunur, ya da park salınır, digər abadlıq işləri görülür. İstənilən halda aparılan söküntü işinin bir əsası olur.

Digər tərəfdən, o da məlumdur ki, şəhərin hansı yerində yerləşməsindən asılı olmayaraq mənzilin hər kvadratmetrinə görə verilən kompensasiyanın məbləği 1500 manatdır. Bu da kifayət qədər normal məbləğdir. O mənada ki, bu gün şəhərin bir sıra yerlərində satışda olan mənzillərin hər kvadratmetri 1000 manata qədər təklif olunur. Nəzərə alsaq ki, sökülən evlərin hər kvadratmetrinə 1500 manat kompensasiya verilir, o zaman hər kvadratmetrdən qalan 500 manatla evi təmir də etmək olar, digər problemləri həll etmək də.

SİA-nın məlumatına görə, bu gün gündəmdə olan və daha çox müzakirə predmeti olan məsələ "Sovetski" kimi tanınan yaşayış məntəqəsinin sökülməsidir. Artıq buranın sökülməsinə qərar verilib və bu istiqamətdə bir sıra işlər görülür. Təxmini hesablamalara görə, bu, on min ailəni əhatə edəcək. Bununla yanaşı, köçürmə işləri ilə əlaqədar hər ailəyə 1000 manat yardım edilir. O baxımdan evin kvadratmetri böyükdürsə, o zaman verilən kompensasiyanın həcmi də böyük olacaq. Bəziləri görürsən ki, ətraflı araşdırma aparmadan, hadisələrin məğzinə varmadan aparılan söküntü işlərini təqdir etmir. Nəzərə almaq lazımdır ki, "Sovetski"də mənzillərin bir çoxu müvafiq standartlara cavab vermir. Elə evlər var ki, onu mənzil adlandırmağa adamın dili də gəlmir. Ona görə ki, "gecəqondu" sayılan həmin mənzillər müvafiq standartlara cavab vermir. Həmin mənzillərin bir çoxuna aylarla günəş işığı düşmür. Bu da insan həyatı üçün birbaşa təhlükədir. Ondansa verilən kompensasiya hesabına Əhmədlidə ev almaq daha məqsədəuyğundur. O cümlədən, həmin mənzillərin perspektivi də yoxdur. Ən nəhayət, sözügedən evlər paytaxtın arxitektura ansamblını pozur.

"Sovetski" sakini Elçin Əliyev: "Biz bu ərazidə Sovet dönəmindən yaşayırıq. Evlərimiz demək olar ki, çox pis vəziyyətdə idi. Hər an təhlükə ilə qarşı-qarşıya olurduq. Sevindirici haldır ki, bu evləri sökərək yerində şəhərin abadlaşması və insanların rahatlığı üçün yeni istirahət ocaqları salınacaq. Təbii ki, bu da bizi çox sevindirir. Evlərin sıxlığından, dar küçələrdən bir növ canımız qurtulacaq".

"Sovetski" sakini Raquf Həsənov: "Azərbaycanda günü-gündən hər gün inkişaf gedir. Təbii ki, biz də istəyirik ki, geniş evlərdə, gözəl təmir olunmuş mənzillərdə yaşayaq. Düşünürəm ki, burada salınacaq yeni parklar körpələrin, yaşlı insanların daha çox sevincinə səbəb olacaq. Əsas odur ki, şəhərimizdə görülən bu işlər hər kəsin ürəyincə olsun".

"Sovetski" sakini Gülbahar Allahverdiyeva: "Təbii ki, biz də çox istərdik ki, ölkəmiz gözəl olsun, yeni-yeni yaşıllıq zonaları yaradılsın. Qarda, yağışda bu ərazilərdə yaşamaq demək olar ki, müşkülə çevrilirdi. Evlərimizin hər kavdrat metrinə ayrılacaq 1500 manat məbləğində vəsait düşünürəm ki, yeni mənzil almaq üçün yetərlidir".

"Sovetski" sakini Yusif Əhədov: "Düşünürəm ki, bura söküləndən sonra insanların günü-güzəranı daha da yaxşılaşacaq. Yollar genişlənəcək və insanların

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev hesab edir ki, "Sovetski" bu günün məsələsi deyil. "Sovetski" adlanan ərazinin abadlaşdırılması Bakının sovet dövründəki baş planında belə gündəmdə olub: "Sözügedən ərazinin sökülməsi ilə bağlı məsələ 1969- cu ildə Bakıda sel olan zaman daha da ciddiləşmişdi: "Oradakı evlərin divarlarını tikərkən sementdən deyil, gildən və digər vasitələrdən istifadə olunub. Bu səbəbdən də 1969-cu ildə Bakıda sel olduğu zaman evlərin divarlarının çoxu yararsız hala düşmüşdü. Belə olan halda insanların həmin ərazidən köçürülməsi zərurəti yarandı. Lakin sovet dövründə onu etmək üçün vəsait yetərli deyildi. Bunun üçün vəsait Moskva tərəfindən ödənilməli idi. Amma buna baxmayaraq, insanların müəyyən hissəsi oradan köçürülmüşdü. Bu gün də "Sovetskini" gəzsək, o zaman zərərçəkən evlərin xarabalıqlarını görə bilərik".

C. Qocayev vurğulayıb ki, 1985-2005-ci illəri əhatə edən Bakının baş planında da həmin ərazilərin sökülməsi gündəmdə idi: "Bu planda şəhərin mərkəzi hissəsində xiyabanın salınması nəzərdə tutulmuşdu. Plana görə, Dəmir Yol Vağzalından Elmlər Akademiyasının binasına qədər ərazidə xiyaban salınmalı idi. Amma bu, müəyyən səbəblərə görə baş tutmadı. Lakin müstəqillik qazandıqdan sonra Bakı ilə bağlı yeni plan, yəni Böyük Bakı Regional İnkişaf Planı işlənəndə həmin ərazilərin qiymətləndirilməsi məsələsi ortaya çıxdı. Qiymətləndirmə zamanı məlum oldu ki, şəhərin mərkəzi hissəsində adam başına düşən yaşıllığın həcmi son dərəcədə aşağıdır. Hər tərəf tikili olduğundan yaşıllığı artırmaq üçün mütləq söküntü işləri aparmaq lazım idi".

Söküləcək ərazilərdə yaşıllıq işlərinin aparılacağını qeyd edən şöbə müdirinin sözlərinə görə, boşalan ərazilərdə tikintinin miqdarı azaldılacaq: "Söküləcək ərazilərdə yalnız abidə xarakterli, texniki cəhətdən tələblərə cavab verən, tarixi əhəmiyyət daşıyan, memarlıq və estetik görünüşü yüksək olan binalar saxlanılacaq. Bütün bunların 2030-cu ilə qədər reallaşması nəzərdə tutulur. Bu iş mərhələli şəkildə aparılacaq. İnsanların bu cür hallarla razılaşması üçün maarifləndirmə işləri aparırıq. Çalışırıq ki, onların özləri bu işdə yaxından iştirak etsinlər. Daha gəlib deməsinlər ki, bizi buradan köçürtdülər. Həmin ərazidə yaşayan insanlar məsələnin mahiyyətini dərk etməlidirlər. Onlar bilməlidirlər ki, "Sovetski"də və ya digər ərazilərdə müvafiq planlaşdırma sənədi ilə insanların köçürülməsi, onların həyat və fəaliyyəti üçün sağlam, təhlükəsiz şəraitin yaradılması məqsədi daşıyır. Təbii ki, görüləcək işlər planlı şəkildə baş tutacaq. İlk növbədə plan hazırlanıb, müzakirə olunacaq. Həmin plan mütləq şəkildə ictimaiyyətə təqdim olunmalı və onlar tərəfindən bəyənilməlidir. Yalnız bundan sonra plan reallaşdırıla bilər. Bu istiqamətdə işlər davam edir. Biz kiminsə mülkiyyətinin güclə sökülməsinin tərəfdarı deyilik. Həmin ərazidə evlərə olduğundan yüksək qiymət verilir və sahiblərə yeni mülk almaq üçün şərait yaradılır".

C. Qocayev onu da qeyd edib ki, "Sovetski" həm də ictimai əhəmiyyətli mərkəzə çevriləcək: "İndiyə qədər insanlar kütləvi gəzinti yeri kimi Milli park və ya Dağüstü parkdan istifadə edirdilər. Lakin 20 Yanvar faciəsindən sonra Dağüstü parkın mahiyyəti dəyişdi. Bu baxımdan "Sovetski"də qurulacaq park insanların istirahəti və gəzintisi üçün ictimai mərkəzə çevriləcək".

Bir sözlə, iqtisadiyyatın inkişaf etdirilməsi, insanların rifahının yüksəlməsi və ölkəmizdə infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində Azərbaycanın simasının daha da yaxşılaşdırılması, regionlarımızın inkişafının təmin edilməsi baxımından 2014-cü ilin böyük layihələr və böyük nailiyyətlər ili olacağına dərindən inanırıq. Bütün bunlar bir daha sübut edir ki, Prezident İlham Əliyev ümumbəşəri dəyərlərə əsaslanan özünəməxsus inkişaf kursu ilə, demokratikləşmə, davamlı və dayanıqlı iqtisadi inkişaf, dünya birliyinə sürətli inteqrasiya, ölkənin potensialının dövlətçiliyin daha da möhkəmləndirilməsinə və əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş siyasəti ilə Azərbaycanı dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrilmək məqsədinə doğru inam və böyük uğurla aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə