Cahangir Qocayev: “”Sovetski” ictimai əhəmiyyətli mərkəzə çevriləcək” AÇIQLAMA

Cahangir Qocayev: “”Sovetski” ictimai əhəmiyyətli mərkəzə çevriləcək” AÇIQLAMA

""Sovetski" bu günün məsələsi deyil. "Sovetski" adlanan ərazinin abadlaşdırılması Bakının sovet dövründəki baş planında belə gündəmdə olub". Bu barədə SİA-ya Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin müdiri Cahangir Qocayev açıqlama verərkən deyib.

O bildirib ki, sözügedən ərazinin sökülməsi ilə bağlı məsələ 1969- cu ildə Bakıda sel olan zaman daha da ciddiləşmişdi: "Oradakı evlərin divarlarını tikərkən sementdən deyil, gildən və digər vasitələrdən istifadə olunub. Bu səbəbdən də 1969-cu ildə Bakıda sel olduğu zaman evlərin divarlarının çoxu yararsız hala düşmüşdü. Belə olan halda insanların həmin ərazidən köçürülməsi zərurəti yarandı. Lakin sovet dövründə onu etmək üçün vəsait yetərli deyildi. Bunun üçün vəsait Moskva tərəfindən ödənilməli idi. Amma buna baxmayaraq, insanların müəyyən hissəsi oradan köçürülmüşdü. Bu gün də "Sovetskini" gəzsək, o zaman zərərçəkən evlərin xarabalıqlarını görə bilərik".

C. Qocayev vurğulayıb ki, 1985-2005-ci illəri əhatə edən Bakının baş planında da həmin ərazilərin sökülməsi gündəmdə idi: "Bu planda şəhərin mərkəzi hissəsində xiyabanın salınması nəzərdə tutulmuşdu. Plana görə, Dəmir Yol Vağzalından Elmlər Akademiyasının binasına qədər ərazidə xiyaban salınmalı idi. Amma bu, müəyyən səbəblərə görə baş tutmadı. Lakin müstəqillik qazandıqdan sonra Bakı ilə bağlı yeni plan, yəni Böyük Bakı Regional İnkişaf Planı işlənəndə həmin ərazilərin qiymətləndirilməsi məsələsi ortaya çıxdı. Qiymətləndirmə zamanı məlum oldu ki, şəhərin mərkəzi hissəsində adam başına düşən yaşıllığın həcmi son dərəcədə aşağıdır. Hər tərəf tikili olduğundan yaşıllığı artırmaq üçün mütləq söküntü işləri aparmaq lazım idi".

Söküləcək ərazilərdə yaşıllıq işlərinin aparılacağını qeyd edən şöbə müdirinin sözlərinə görə, boşalan ərazilərdə tikintinin miqdarı azaldılacaq: "Söküləcək ərazilərdə yalnız abidə xarakterli, texniki cəhətdən tələblərə cavab verən, tarixi əhəmiyyət daşıyan, memarlıq və estetik görünüşü yüksək olan binalar saxlanılacaq. Bütün bunların 2030-cu ilə qədər reallaşması nəzərdə tutulur. Bu iş mərhələli şəkildə aparılacaq. İnsanların bu cür hallarla razılaşması üçün maarifləndirmə işləri aparırıq. Çalışırıq ki, onların özləri bu işdə yaxından iştirak etsinlər. Daha gəlib deməsinlər ki, bizi buradan köçürtdülər. Həmin ərazidə yaşayan insanlar məsələnin mahiyyətini dərk etməlidirlər. Onlar bilməlidirlər ki, "Sovetski"də və ya digər ərazilərdə müvafiq planlaşdırma sənədi ilə insanların köçürülməsi, onların həyat və fəaliyyəti üçün sağlam, təhlükəsiz şəraitin yaradılması məqsədi daşıyır. Təbii ki, görüləcək işlər planlı şəkildə baş tutacaq. İlk növbədə plan hazırlanıb, müzakirə olunacaq. Həmin plan mütləq şəkildə ictimaiyyətə təqdim olunmalı və onlar tərəfindən bəyənilməlidir. Yalnız bundan sonra plan reallaşdırıla bilər. Bu istiqamətdə işlər davam edir. Biz kiminsə mülkiyyətinin güclə sökülməsinin tərəfdarı deyilik. Həmin ərazidə evlərə olduğundan yüksək qiymət verilir və sahiblərə yeni mülk almaq üçün şərait yaradılır".

C. Qocayev onu da qeyd edib ki, "Sovetski" həm də ictimai əhəmiyyətli mərkəzə çevriləcək: "İndiyə qədər insanlar kütləvi gəzinti yeri kimi Milli park və ya Dağüstü parkdan istifadə edirdilər. Lakin 20 Yanvar faciəsindən sonra Dağüstü parkın mahiyyəti dəyişdi. Bu baxımdan "Sovetski"də qurulacaq park insanların istirahəti və gəzintisi üçün ictimai mərkəzə çevriləcək".

Bütün xəbərlər Facebook səhifəmizdə