Abel Məhərrəmov: "Tələbələrin akademik borca görə ödəyəcəkləri kreditin məbləği azala bilər"

Abel Məhərrəmov: "Tələbələrin akademik borca görə ödəyəcəkləri kreditin məbləği azala bilər"

"Bəzi mətbu orqanların nə yazmasından asılı olmayaraq, mən heç bir təxribata uyan deyiləm. Hazırda Bakı Dövlət Universitetində təhsil prosesi öz axarı ilə davam edir". Bunu Bakı Dövlət Universitetinin rektoru Abel Məhhərrəmov haqqında mətbuatda yayılan xəbərlərə münasibət bildirərkən deyib.

Rektor BDU-da baş verən hadisələri epizodik hal kimi xarakterize edib: "Bu hadisələrin baş verməsi müəyyən dairələrin maraq dairəsində idi. Məlum hadisənin analizi göstərir ki, prosesdə universitetin cəmi yeddi tələbəsi iştirak edib. Digərləri isə ya tələbə deyil, ya da universitetimizdə oxumur. Hadisələrin belə məcraya sürüklənməsinə təkan verən əsas qüvvə 20-30 nəfərlik qrup olub. Saxlanılanlardan bir nəfərilə özüm şəxsən maraqlanmışam. Ondan bizdən nə tələb etdiyini soruşanda dedi ki, hüququm pozulub. Harda oxuduğunu soruşanda isə məlum oldu ki, nəinki bizim universitetin tələbəsi olmaq, ümumiyyətlə tələbə deyil. İki il bundan qabaq Mədəniyyət və İncəsənət Universitetinə sənəd verib qəbul olunmayıb. Polisin araşdırması zamanı isə məlum olub ki, həmin şəxs Bakı şəhəri 20 nömrəli məktəbdən oxumadığına görə 9-cu sinifdən xaric edilib".

A. Məhərrəmov deyib ki, bu hadisəni müəyyən bir qrup sosial şəbəkədə bir-biriləri ilə əlaqə saxlayaraq törədiblər: "Onlar bu hadisəni siyasi müstəviyə keçirməyə çalışırdılar. Bakı Dövlət Universiteti hər zaman ideoloji mərkəz olub. Çünki universitetdə siyasi fənlər tədris olunur. Ona görə də bəzi maraqlı qüvvələr çalışırdılar ki, universitetin tələbələrini ələ alsınlar".

Rektor BDU-da tələbələrin ödəyəcəyi kreditlər barədə də danışıb: "Bakı Dövlət Universitetində 20 min tələbə təhsil alır. 5 imtahan üzrə hər semestr sessiya dövründə 100 min imtahan olur. Bu sayda imtandan hansısa tələbənin narazı qalması təbiidir. Ancaq universitetdə bu işlər tənzimlənir. Yəni imtahanlar öz qaydasında gedir. Həmin hadisə zamanı iştirak edən tələbələrin çoxu 5 imtahanın hər birindən 2 alanlar idi. Həmin tələbə də bilir ki, Nazirlər Kabinetinin qərarı əsasında tələb olunan kreditin pulunu ödəsə, xərcə düşəcək. Ona görə də belə yola əl atmaqla həmin pulu ödəməkdən azad olunmaq istəyiblər".

A. Məhərrəmov deyib ki, tələbələrin ödəyəcəyi kreditin məbləğinə dair qərarı universitet qəbul etmir: "Bu məbləğ Nazirlər Kabinetinin qərarı əsasındadır. Ona görə də nə Universitet, nə də Təhsil Nazirliyi bu məbləği dəyişə bilməz".

BDU rektoru gələcəkdə tələbələrin ödəyəcəyi kreditlərin həcmində azalma olacağını da istisna etməyib: "Bu məsələni parlamentdə qaldırmaq olar və kreditin məbləği aşağı salına bilər. Biz universitetdə heç kimdən pul almamışıq. Ancaq onlar kreditlərə yazılıblar. Bu isə 100-150 tələbəni əhatə edir. Onların da əksəriyyətinin kredit xanaları boşdur. Ona görə dərslərdə pulsuz otura bilərlər. Bəzilərinin isə kredit borclarını ödəməyi öz üzərimizə götürmüşük".

Bütün xəbərlər Facebook səhifəmizdə