Milli Məclisin Hüquq siyasəti və dövlət qurculuğu komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsi haqqında" qanun layihəsi müzakirə edilib. SİA-nın xəbərinə görə, dəyişikliyə əsasən Məcəllənin 114-cü (Muzdluluq) maddəsi üzrə 114.1-ci maddənin sanksiyasında - muzdlular yığma, onlara təlim keçmə, maliyyələşdirmə və başqa cür maddi təminat vermə, habelə onlardan hərbi münaqişədə və ya hərbi əməliyyatlarda istifadə etməyə görə 8 ildən 12 ilədək həbs qətimkan tədbiri seçiləcək. Mövcud qanunvericilikdə bu maddə ilə ittiham olunanlar 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Digər dəyişikliyə görə, 114.2-ci maddənin sanksiyasında eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə və ya yetkinlik yaşına çatmayan barəsində törədildikdə 9 ildən 15 ilədək həbs qətimkan tədbiri seçiləcək. Mövcud qanunvericiliyə görə, bu maddə ilə ittiham olunanlar 8 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
114.3-cü maddəyə edilən dəyişikliyə görə isə muzdlunun hərbi münaqişədə və ya hərbi əməliyyatlarda iştirakı 5 ildən 11 ilədək cəza nəzərdə tutulur. Mövcud qanunvericilikdə isə bu maddə ilə ittiham olunanlar 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Dəyişikliyə görə, Məcəllənin 214-cü (Terrorçuluq) maddəsi üzrə 214.1-ci maddənin sanksiyasında terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə insanların həlak olması, onların sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının vurulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın və ya digər hərəkətlər törətmə, habelə həmin məqsədlə bu cür hərəkətlərin törədiləcəyi ilə hədələməyə görə on ildən on iki ilədək cəza tətbiq ediləcək.
Mövcud qanunvericilikdə bu maddə ilə ittiham olunanlar 8 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin Məcəlləyə 214.2.5-ci (eyni əməllər beynəlxalq tədbirin keçirildiyi vaxt və ya kütləvi tədbirin keçirildiyi yerdə törədildikdə) maddə əlavə edilib.
214-2-ci maddənin sanksiyasında (terrorçuluq təkrar törədildikdə) 12 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəza tətbiq ediləcək. Mövcud qanunvericilikdə isə bu maddə ilə ittiham olunanlar 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB