Namiq Həsənov: “Sürücülər sərnişinləri 20 qəpik kimi görür”

Namiq Həsənov: “Sürücülər sərnişinləri 20 qəpik kimi görür”

"Hazırda 40 marşurutda 750-ə yaxın avtobusda nəqiyyat kartından istifadə olunur. Bu xidmətin istifadəyə verilməsində məqsəd sürücü-sərnişin arasında nəğd hesablaşmanı aradan qaldırmaq və şəhərdaxili sərnişindaşımanı səhmana salmaqdır". Bu fikirləri SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyib.

N. Həsənov təəssüflə bildirib ki, son vaxtlar sərnişinlərdən kart sistemi ilə bağlı Nəqliyyat Nazirliyinə şikayətlər daxil olur: "Bu şikayətlər əsasən sürücülərin kart sisteminin tətbiqindən narazı qalmaları ilə bağlıdır. Belə ki, bəzi hallarda sürücülər sərnişinlərə kartla ödəniş edərkən kobud davranılar. Bildirirlər ki, gediş haqqını nağd şəkildə ödəsinlər. Bu isə kobud qanun pozuntusudur. Ona görə də biz sərnişindaşıma ilə məşğul olan sahibkarlara bir daha müraciət edirik ki, kimin xəttində sürücü sərnişinə belə davranırsa, amansız tədbir görüləcək".

N. Həsənov onuda bildirib ki, hələlik sərnişindaşımada nəğd və kartla ödəniş sistemi parallel şəkildə həyata keçirilir: "Əgər sərnişinin nəqliyyat kartı yoxdursa, o, gediş haqqını nəğd şəkildə ödəyə bilər. Ona görə də kartı olan sərnişinlər bu sistemlə ödəniş edərkən sürücülər buna etiraz etməməlidirlər".

Nazirliyinin rəsmisi kart sisteminin tətbiqindən sonra sürücülərə əmək haqqının hansı formada ödəniləcəyinə də aydınlıq gətirib: "Sərnişin daşımada nəğd hesablaşma tamamilə aradan qaldırıldıqdan sonra sürücülərə maaş sistemi tətbiq olunacaq. Yəni hər bir sahibkar sürücüsü ilə müqavilə bağlayacaq. Maaş sistemi tətbiq olunduqdan sonra avtobusların iştirakı ilə baş verən yol qəzaları, avtobusların dayanacaqda saxlamaması kimi bəzi neqativ hallar da ardan qalxacaq. Bu gün avtobus sürücüləri hər bir sərnişini 20 qəpik kimi görür və əlavə gəlir əldə etmək üçün digər xətt avtobusu ilə yarışa girirlər".

N. Həsənov əlavə edib ki, hazırda 1000-ə yaxın avtobusda validatorlar quraşdırılıb və daha 500-nün isə quraşdırılması gözlənilir: "İlkin mərhələdə 400 min nəqliyyat kartı buraxılıb və daha 1 milyonu da sifariş edilib".

Sərnişinlərə müraciət edən nazirlik sözçüsü bildirib ki, nəqliyyatdakı neqativ hallardan narazı olan vətəndaşlar Dövlət Avtomobil nəqliyyatı Xidmətinin qaynar xəttinə 561 76 28-29 zəng vura bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə