"Sakinlərin narazılıq etdiyi sürücü ordusu sükanından möhkəm yapışsın!"

Namiq Həsənov: “Hansı avtobusda məsuliyyətsiz sürücü aşkarlansa, sahibkarın xətti əlindən alınacaq”
"Sakinlərin narazılıq etdiyi sürücü ordusu sükanından möhkəm yapışsın!"

"Avtobus sürücülərində sürücü mədəniyyətinin aşağı olması Nəqliyyat Nazirliyinin ən ağrılı problemlərindən biridir. Hesab edirik ki, sürücü sərnişindaşıma üçün gərəkli bütün standartlara cavab verməli, ən azı "Avtomobil Nəqliyyatı haqqında Qanun"un tələblərinə riayət etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Nəqliyyat Nazirliyinin sözçüsü Namiq Həsənov deyib.

Nazirlik sözçüsü sürücülərə lazımlı parametrləri də açıqlayıb: "Bu sahədə fəaliyyət göstərən sürücünün yaşı 21-dən yuxarı olmalı, ən azı 3 il təcrübəsi, həmçinin müvafiq kateqoriyaya uyğun sürücülük vəsiqəsi olmalı və sağlam olmalıdır".

N. Həsənovun sözlərinə görə, hazırda sərnişindaşımada sürücü kimi fəaliyyət göstərən sürücülərin əksəriyyəti bu parametrlərə cavab vermir: "Nəqliyyat Nazirliyi olaraq bütün çatışmazlıqların həll edilməsi üçün ehtiyyat sürücü bazasının yaradılması üzərində işləyirik və bu barədə hökumət qarşısında məsələ qaldırmışıq. Hazırda "Dərnəgül Tədris Kurs Kombinatı"nda sürücülərə bununla bağlı kurslar keçirilsə də, daha geniş miqyasda sürücü bazası hazırlanmalıdır ki, sakinlərin narazılıq etdiyi mövcud sürücü ordusu sükanından möhkəm yapışsın. Bu məsələ həll olunsa, sürücülərin də məsuliyyəti artacaq".

Nazirlik sözçüsü hazırlanacaq sürücülərin mövcud olacaq keyfiyyətlərindən də danışıb: "Hazırlanacaq sürücülər xarici dil biliklərinə malik, etik davranış qaydalarına əməl edən, harada gəldi avtobus saxlamayan sürücülər olacaq. Nəqliyyat Nazirliyinə həm şəhərdaxili, həm də şəhərlərarası nəqliyyatda bu standartlara malik olan sürücülər lazımdır".

Nəqliyya Nazirliyinin rəsmisi onu da diqqətə çatdırıb ki, hazırda sahibkarlar sərnişindaşımada ciddi qüsurlara yol verirlər: "Bu gün şəhərdaxili sərnişindaşımada 2500-ə yaxın avtobus fəaliyyət göstərir. Monitorinqlərimizin nəticələrinə əsasən deyə bilərik ki, sürücü qarajdan çıxanda hər şey normal vəziyyətdə olur. Ancaq bir saat sonra görürük ki, avtobusu azyaşlı uşaq idarə edir. Etiraf edim ki, gördüyü işə məsuliyyətsiz yanaşan sürücülər var və ehtiyyat sürücü bazası yaradıldıqdan sonra onların heç biri sükan arxasında olmayacaqlar. Ona görə də sahibkarlara tapşırıqlar verilib ki, hansı avtobusda belə sürücü aşkarlanarsa, xətti əlindən alınacaq. Hansı ki, biz belə faktları aşkar etdikdə həmin sahibkarların əlində olan xətləri geri alırıq. Əvvəllər 210-a yaxın daşıyıcı var. Ancaq islahatlar nəticəsində onların sayı 32-ə enib. Hazırda 19 hüquqi, 13 fiziki şəxs bu işlə məşğuldur. Bu da 172 marşurut xətti deməkdir. Ona görə də biz 172 marşurutda 32 daşıyıcını elə istiqamətləndirməliyik ki, tələblərimizi yerinə yetirsinlər".

"2015-ci ildə Bakıda keçiriləcək I Avropa Yay Olimpiya oyunları ərəfəsində həm mədəni, həm də dil biliyinə sahib sürücülərə ehtiyacımız olacaq. Bu gün yeni yollar salınır, avtobuslar alınırsa, avtobus arxasına qeyd etdiyim keyfiyyətlərə malik yeni sürücülər əyləşməlidir. Şəhərdaxili sərnişindaşımadakı problemlər həll olunduqdan sonra bu qayda şəhərlərarası marşurutlara da tətbiq olunacaq", deyə N. Həsənov qeyd edib.

Bütün xəbərlər Facebook səhifəmizdə