Bu gün xalq təqvimi ilə Boz ayın ikinci çərşənbəsi – Od çərşənbəsidir. SİA-nın məlumatına görə, Od çərşənbəsi xalq arasında həm də "Üsgü çərşənbə", "Adlı çərşənbə" kimi də adlandırılır. Bu çərşənbə qədim insanların Günəşə, oda olan müqəddəs inamından irəli gəlir. Adət-ənənəyə görə, bu gün tonqal qalayıb, alovun üzərindən tullanmaqla daxildə olan bütün çirkabı və azar-bezarları yandırırlar.
Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, Günəş yavaş-yavaş torpağı qızdırır, isindirir.
Bu çərşənbədə odu təmizlik, sağlamlıq və gözəllik rəmzi kimi qeyd edirlər. Odla bağlı olan bir çox xalq deyimləri-inanclar, atalar sözləri, andlar, alqışlar bu günə kimi qalmaqdadır. Məsələn: od inamdandır; odla oynayan odsuz qalar; odu söyən qara günə qalar; ocaq dağıdanın ocağı dağılar; ocaq yanında səslənirsə, demək, kimsə sözünü danışır; od haqqı!; ocağın qaralmasın!; od-ocağa həsrət qalasan!

Araşdırmaçı İşıqlı Atalı: "Bu keyfiyyətlərin çağımızda bütün ritualı, mədəniyyəti, qədimliyi ilə ifadə olunduğu xalqın ağlında, düşüncəsində uca bir mərasimdir. Novruzla bağlı təsəvvürlərin kökü neçə min illərə gedib çıxır. Artıq bununla bağlı inanclar belə meydana gəlib. Xalq ruhunda, davranışında, yaşamında baharı arzulasa və yazla bağlı duyğuları istəsə, bu zaman həmin insan daha ümidlə sabaha baxa bilər. Hazırda onların bizə çox az bir qismi yəni, nişanələri gəlib çıxıb.Təbii ki, həmin nişanələrdən biri də çillələlərdir. Belə ki, böyük çillədən sonra kiçik çillə və çərşənbələr gəlir. Böyük çillə 40 gün, kiçik çillə 3 həftə davam edir. Yaza qovuşma əslində yeni ilə qovuşa deməkdir.
Bütövlükdə rituallarda, mətbəx mədəniyyətində odla bağlı elementlər aparıcıdır. Od daxilən təmizlənmək deməkdir. Bu çərşənbə insanın ağlının, ürəyinin təmizlənməsi və halal yaşamasına öyrəşməsidir. Odun üzərindən hoppanmaq insanın daxilində olan ağrı-acıdan çirkdən, qəbahətdən ayrılması deməkdir.
Təbii olaraq bütün çərşənbələrdə süfrə açılır. Novruzla bağlı süfrəyə təamların qoyulması, eləcə də yaza çıxan insan üçün enerjili qidaların qəbulu mühüm rola malikdir. Burada səməni, yumurta və onun boyanması müxtəlif simvolik məna daşıyır. Bunlar bir növ canlılığı və həyatı ifadə edir".
Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, imkanı dərəcəsində evində istilik verən yeməklər bişirilsin, süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır.
Bu çərşənbə özünün adət-ənənələri, ritualları ilə zəngindir. İstiliyin qorunması, istiliyin yenidən qayıdıb torpağa hopması, torpaqda istiliyin başlanması və nəhayət, əmək mövsümünün başlanması üçün torpağa məhsul əkininə hazırlıq ənənələri Od çərşənbəsində əksini tapır.
Şəhər sakinləri isə Od çərşənbəsi ilə bağlı maraqlı təəssüratlarını bizlərlə belə bölüşdü:

Şəhər sakini Gözəl Rüstəmova: "Bu bayramın tarixçəsi qədimi dövrlərə söykənir. Mən özüm Şuşa rayonunda anadan olmuşam. Şuşada Novruz bayramı geniş qeyd edilərdi. Bu bayram yazın, baharın gəlişini özündə ifadə edir. Düşünürəm ki, tarixi adət-ənələrimiz haqqında indiki gənclərimizi də yetərincə məlumatlandırmalıyıq. Od çərşənbəsində tonqallar qalanmalı, şamlar yandırılmalı, müxtəlif xörəklər bişirilməlidir və s. Şuşada cıdır düzü deyilən bir yer var idi. Orada elə böyük tonqal yandırılırdı ki, onun hündürlüyünü təsəvvür belə etmək olmurdu. Hər kəs evində olan qədim xalçaları yaş otun üzərinə sərirdi".

Şəhər sakini Valeh Əhmədzadə: "Bizim Salyan rayonunda Novruz bayramı 1968-ci ildən özünəməxsus şəkildə qeyd olunur. Ətrafa zərər vurmamaq şərtilə yüngülvari tonqallar qalanır və insanlar "ağırlığım, uğurluğum odda yansın" deyərək odun üzərindən atlanırdılar. Hazırda yazın gəlişi ilə əlaqədar orada təmizlik, abadlıq işləri aparılır".

Şəhər sakini Nailə Əliyeva: "Ümumiyyətlə Od çərşənbəsi ruzi-bərəkətli hesab olunur. Bu bayram ərəfəsində insanlar evlərində təmizlik aparar, balacalar isə tonqallar yandırar. Mən evdə şəkərbura, qoğal, paxlava bişirərək bayrama hazırlıq görürəm".
Od çərşənbəsində hamı müxtəlif xörəklər bişirməli və stolun üzərində bütün çərşənbələrdə olduğu kimi, şirniyyatlar olmalıdır. İnsanların inancına görə, bu, süfrənizin bol bərəkətli olması, ilinizin şirin və sevinc dolu keçməsinə səbəb olur. Bir sözlə, bahar Azərbaycana martın 20-də 20.57-də daxil olacaq. Həmin gün bayram axşamı kimi qeyd ediləcək. Bayramınız mübarək !!!

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB