Millət vəkili: "Azərbaycanın Türk dili yarışmasında iştirak etməsi möhtəşəm hadisədir"
"Dil və mədəniyyət festivalının keçirilməsi artıq bir ənənə halını alıb. Bu, Türk dilinin geniş yayılmasını, təbliğ olunmasını təmin edən bir festivaldır". Bunu SİA-ya açıqlamasında Milli Məclisin mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov deyib.
Onun sözlərinə görə, festivalda türk dilində şeir demək, mahnı oxumaq və digər kateqoriyalar üzrə istedada malik olan gənclər iştirak edir: "Ötən il festivalda 140 ölkənin nümayəndələri iştirak edib. Bu türk dilinin geniş miqyasda yayılması üçün böyük bir hadisədir. Festivalda çox sayda uğur qazanan azərbaycanlılar da olub".
Millət vəkili bildirib ki, "Dil və mədəniyyət festivalı" ilə əlaqədar paytaxt Bakıya türk dünyasının müxtəlif ölkələrindən qonaqlar gəlib: "Ötən gün "Dilimiz ortaq mirasımızdır" mövzusunda konfrans başlayıb. Konfransda Türkiyədən, Qazaxıstandan, Özbəkistandan və Qırğızıstandan dilçi alimlər iştirak edir. Azərbaycanın da keçirilən Türk dili yarışmasında iştirak etməsi çox möhtəşəm hadisədir. Dilin inkişafı, Türk dillərinin inteqrasiyası və dünyada tanınması, eyni zamanda müxtəlif xalqlar tərəfindən öyrənilməsi mühüm prosesdir".
Nizami Cəfərov qeyd edib ki, Milli Məclisdə də mütəmadi olaraq Azərbaycan dilinin təkmilləşməsi, onun qorunması ilə bağlı qanunlar qəbul olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB