Mərkəzi icra qurumlarının informasiya açıqlığı artıb

Mərkəzi icra qurumlarının informasiya açıqlığı artıb

Bu gün Multimedia Mərkəzi tərəfindən "Dövlət qurumlarının informasiya açıqlığı və elektron xidmətlərin inkişafı" mövzusunda Dəyirmi Masa keçirilib. SİA-nın məlumatına görə tədbirdə dövlət orqanlarının, Vətəndaş Cəmiyyəti subyektlərinin və beynəlxalq təşkilatların nümayəndələrin iştirak edib.

Çıxış edən Multimedia Mərkəzinin direktoru Osman Gündüz mərkəzi və yerli icra orqanlarının informasiya açıqlığı ilə bağlı Mərkəz tərəfindən aparılan Monitorinqlərin yekunu haqqında hesabatı təqdim edib. Həmçinin dövlət qurumlarının informasiya açıqlığı üzrə növbəti Reytinq Cədvəli ictimaiyyətə təqdim olunub.

Osman Gündüz deyib ki, hesabat son 6 ay ərzində 74 mərkəzi icra hakimiyyəti orqanı və 66 yerli icra hakimiyyətinin onlayn şəffaflıq vəziyyətini əks etdirir: "Monitorinq İnformasiya azadlığı sahəsində mövcud qanunvericilik və beynəlxalq normalar nəzərə alınmaqla Multimedia Mərkəzi tərəfindən hazırlanan Metodika əsasında gerçəkləşdirilib. Beləliklə 74 mərkəzi icra qurumu üzrə orta informasiya açıqlığı göstəricisi təxminən 39 % olub. 2012-ci ildə 64 mərkəzi icra orqanı üzrə orta informasiya açıqlığı 33.5 %, 2011-ci ildə 61 mərkəzi icra orqanı üzrə bu rəqəm 27%, 2009-cu ilin sonunda 50 dövlət qurumu üzrə ümumi informasiya açıqlığı göstəricisi isə təxminən 24% olub. Bu nəticələrlə cari ilin 74 dövlət qurumu üzrə nəticənin müqayisə etsək, ötən ilə nisbətən informasiya açıqlığı göstəricisi təxminən 5.5% artıb".

Dəyirmi Masada həmçinin elektron formaya keçirilməsi vacib hesab olunan kütləvi və sosial-ictimai əhəmiyyət kəsb edən xidmətlərin Siyahısı da təqdim olunub. Siyahı Elektron xidmətlərin təşviqi üzrə İctimai Şura ilə birgə hazırlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə