“Qazi Qarabağ” azanı yaxın zamanlarda İran məscidlərində səslənəcək

“Qazi Qarabağ” azanı yaxın zamanlarda İran məscidlərində səslənəcək

Azərbaycanın İran İslam Respublikasındakı səfiri Cavanşir Axundovun Beynəlxalq Əhli-Beyt Cəmiyyətinin sədri Məhəmmədhəsən Əxtəri ilə keçirdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra sahələr üzrə fikir mübadiləsi aparılıb. SİA-nın məlumatına görə, Səfir C. Axundov bir neçə gün öncə Azərbaycanda və dünyanın bir çox ölkəsində, o cümlədən İranda Xocalı soyqırımının ildönümü ilə bağlı keçirilmiş anma tədbirlər haqqında məlumat verib. O, erməni silahlı dəstələrinin Xankəndi şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törədilmiş qətliamdan danışıb. Bildirilib ki, Pakistan, Peru, Çex Respublikası, Bosniya və Herseqovina, Meksika və ABŞ-ın 20-yə yaxın ştatının parlamentləri Xocalı faciəsini ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş soyqırımı kimi qiymətləndiriblər. İslam Əməkdaşlıq Təşkilatının Xocalı faciəsilə bağlı qəbul etdiyi qətnamədə də bu aksiyanın soyqırımı kimi tanındığını vurğulanıb.

C.Axundov "Xocalıya Ədalət" kampaniyası çərçivəsində Malayziyadan tutmuş Mərakeşə qədər İslam ölkələrində Azərbaycanın qədim torpaqları olan Dağlıq Qarabağın işğalından əvvəl Ağdam və Şuşada son dəfə səsləndirilmiş "Qazi Qarabağ" azanının səsləndirildiyini diqqətə çatdırıb, yaxın zamanlarda İrandakı məscidlərdə də bu azanının səsləndiriləcəyi və müvafiq məlumatın təqdim edilməsi üçün mərasim keçiriləcəyinə ümidvar olduğunu bildirib.

Beynəlxalq Əhli-Beyt Cəmiyyətinin sədri Məhəmmədhəsən Əxtəri Tehrandakı məscidlərdə, habelə Əhli-Beyt Cəmiyyəti nəzdində fəaliyyət göstərən və Avropada ərəb dilində yayımlanan televiziya kanalında "Qazi Qarabağ" azanının səsləndirilməsinin təmin ediləcəyini nəzərə çatdırıb.

Azərbaycanlı diplomat həmsöhbətnə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nəticəsində işğal edilmiş Azərbaycan torpaqlarındakı müsəlman dini abidələrinin məhv edilməsi, məscidlər, imamzadələr və qəbristanlıqların viran edilməsi barədə ətraflı məlumat verib.

Səfir, habelə Bakıda və Azərbaycanın bir çox bölgələrində çox sayda məscidlərin tikintisi, bərpası və yenidən qurulmasının ölkə rəhbərinin şəxsi göstərişi və nəzarəti altında həyata keçirildiyini vurğulayıb, ölkəmizin müstəqilliyini bərpa etdiyi ilk illərdə mövcud olan 17 məscid sayının son 20 il ərzində təxminən iki minə çatdığını, Bakıdakı Təzəpir, Əjdərbəy, Şamaxıdakı Cümə məscidlərinin dövlət vəsaiti hesabına əsaslı təmir və ya bərpa edildiyini diqqətə çatdırıb.

C. Axundovun İranın xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İbrahim Rəhimpur ilə keçirdiyi görüşdə isə siyasi, iqtisadi və mədəni sahələrdəki ikitərəfli əlaqələrin perpektivləri müzakirə olunub. Tərəflər regionun iqtisadi gələcəyi üçün böyük önəmi olan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edən və Azərbaycan ilə İran arasındakı dəmir yolunu birləşdirəcək Qəzvin-Rəşt-Astara (İran)-Astara(Azərbaycan) xəttinin çəkilişinin mümkün qədər tez bir zamanda başa çatdırılmasının ölkələrimiz üçün əhəmiyyəti, həmçinin Fars körfəzindən yüklərin Skandinaviya ölkələrinə daha sərfəli şərtlərlə nəql olunması baxımından rolunu da qeyd ediblər.

Görüşdə qarşılıqlı səfərlərin intensivləşdirilməsinin də iki ölkə arasında münasibətlərin inkişafına töhfə verəcəyi vurğulanıb.

İran xarici işlər nazirinin Asiya və Okeaniya ölkələri üzrə müavini İ. Rəhimpur yaxın günlərdə ölkəmizə səfərinin nəzərdə tutulduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə