Bu günlərdə Moldova Respublikasının paytaxtı Kişinyov şəhərində Avropa Birliyi və Avropa Şurasının birgə proqramı çərçivəsində "Penitensiar sistemdə pis rəftarla mübarizənin effektlivliyinin təmin edilməsi" mövzusunda regional konfrans keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının İşgəncələrin qarşısının alınması şöbəsi müdirinin müavini Absələddin Əliyev iştirak edib. Bu barədə SİA-ya Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.
Beynəlxalq qurumların tanınmış ekspertləri, habelə Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova və Ukrayna respublikalarından olan dövlət orqanlarının və qeyri-hökumət təşkilatlarının təmsilçiləri bu sahədəki fəaliyyət və təcrübə barədə ətraflı məlumat veriblər.
A. Əliyev çıxış edərək Azərbaycan Ombudsmanının İşgəncələr əleyhinə Milli Preventiv Mexanizm qismində gördüyü işlər, milli qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı təklifləri, azadlıqdan məhrumetmə yerlərinə, o cümlədən penitensiar müəssisələrə başçəkmələrin həyata keçirilməsi, habelə "Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu və onun tətbiqi ilə bağlı tədbirlər haqqında məlumat vermişdir. O, Azərbaycan MPM təcrübəsini iştirakçıların diqqətinə çatdırıb, sualları cavablandırıb.
Tədbirdə həmçinin Azərbaycan Respublikası Baş Prokurorluğunun, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin və Daxili İşlər Nazirliyinin məsul əməkdaşları, Avropa Şurasının ölkəmizdəki ofisinin nümayəndəsi, Konstitusiya Araşdırmalar Mərkəzinin rəhbəri də iştirak ediblər.
Regional konfrans səmərəli müzakirələr və təcrübə mübadiləsi şəraitində başa çatıb.
Ombudsmanın əməkdaşı səfər çərçivəsində Azərbaycan Respublikasının Moldovadakı səfirliyində Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı tədbirə də qatılıb. Tədbirdə Azərbaycan diasporunun nümayəndələri və Moldovanın bir sıra dövlət orqanlarının rəhbərləri iştirak ediblər. Ölkəmizin Moldovadakı səfiri çıxış edərək, Xocalı soyqırımının ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilən dəhşətli cinayət kimi xalqımızın yaddaşında silinməz iz qoyduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB