“ABŞ Dövlət Departamentinin hesabatı komsomol iclaslarının yekun protokollarını xatırladır”
"ABŞ Dövlət Departamentinin indiyə qədər yaymış olduğu bütün hesabatlar kimi hazırda gündəmi zəbt edən növbəti hesabatı da ümumiləşmiş və sırf şablon ruhunda olan bir sənəddir. Bu təxminən keçmişdə komsomol iclaslarının yekun protokollarındakı yer alan məcburi iradlara bənzəyir və ya bir növ ənənəvi fəaliyyətin ayrılmaz hissəsini kimi çıxış edir. Eyni zamanda həmin hesabatı yayan fövqəldövlətin daha kiçik dövlətlərə münasibətində (guya) subardinasiyanın gözlənilməsini, demokratiyaya dəstək görüntüsününün yaradılmasını və dünya siyasətindəki şəraitə adekvat rol alıb bəlli təsir mexanizmlərini işə salmağı qarşısına məqsəd qoyur. Halbuki, hətta bu məqamda belə daha səmimi görünmək və daha məntiqli rakursdan çıxış etmək mümkün idi. Yəni, ən azından daha abstrakt prioritetləri ön plana çəkib peşəkarcasına "oynamaq" olardı. Amma göründüyü kimi Departament hələ bizlərə "çevir tatı-vur tatı"fəlsəfəsini xırdalayır və klassik təfəkkürdən çıxmamaqda sanki israrlı kimi görünür...". SİA xəbər verir ki, bu fikirləri politoloq Elşən Musayev ABŞ Dövlət Departamentinin 2013-cü il üzrə dünyada insan haqqlarına dair hesabatının Azərbaycanla bağlı bölümünü şərh edərkən söyləyib.
Politoloq daha sonra davam edib: "Təsəvvür edin, hesabatda 2010 Parlament və 2013 Prezident seçkilərindən bəhs olunur. Oysa, adamdan soruşarlar: Niyə belə tez?. Və ya niyə durduq yerdə, üstəgəl 3-4 ildən sonra qərara gəldiniz ki, Azərbaycanda keçirilən son seçkilərdə nöqsanlar olub? Qaranquşlarmı pıçıldadı qulağınıza? Yoxsa "Human Rights Watch"-kimi himayənizdə olan "işverənlər"inmi danosları köməyinizə çatdı, işinizə yarıdı?
Sənədin bir başqa bölümündə isə son Prezident seçkiləri zamanı təbliğat imkanlarının məhdudlaşdırılmasından danışılır. Yenə də maraqlıdır, söhbət hansı məhdudlaşdırmadan gedir görəsən? Həmin seçkidə hər kəs üçün təbliğat imkanları bərabər bölünməmişdimi? Müxalifətin 2 cüt-bir tək adamdan ibarət yarıtmaz mitinqlərini, "Milli Şura"nın səbatsız lideri Cəmil Həsənlinin təhqiramiz çıxışlarını hamılıqla, bərabər izləmədikmi?(bu yerdə xüsusi bir arayış verim ki, Həsənlinin həmin çıxışlarda səsləndirdiyi iftiraları qüvvədə olan cinayət məcəlləsinin ən azından tən yarısı ilə tövsif etmək olardı. Hakimiyyət isə növbəti dəfə humanist addım atıb belə bir təşəbbüsdən vaz keçdi) Yoxsa Departamentin mirzələri düşünür ki, təbliğat görüşlərinə radikal müxalifətin elektoratını da iqtidar səfərbər etməli idi?
Hələ bir başqa bənddə QHT-lərlə bağlı narahatçılıq ifadə olunur. Səbəb? - Səbəb odur ki, artıq Azərbaycan qanunvericiliyində QHT-lərlə bağlı edilən son dəyişikliklərdən sonra Qərb üçün öz əlaltılarını həmin təsisatların adı ilə yemləmək müşkülə çevrilib. İlqar kimi, Erkin kimi, Xədicə kimi "demokrat"ların maskası cırılıb, yırtılıb. Həmin uğursuzlara qoyulan maya batıb. Odur ki, eyni adlı prosesin psixoloji anlamda həzm edilə bilməməsini hesab edirəm ən azından qarşı tərəfin nöqteyi-nəzərincə başa düşmək olar. Ona görə də Departament öz şablon hesabatına həmin nüansı əlavə etməklə sanki təskinlik tapmağa çalışıb.
Və ən nəhayət... son olaraq bir məqama toxunum: Elan olunmuş hesabatda həm də Azərbaycanda həyata keçirilən "ədalət mühakiməsi"nin və ümumən məhkəmə sisteminin beynəlxalq standartlara uyğun olmadığı qeyd olunur. Belə olan halda isə həmin sənədi hazırlayanlara deyiləcək tək bir söz qalır:" Əgər beynəlxalq standart dediyiniz zad "Quantanamo"həbsxanasında insanları aylarla, illlərlə, ailə üzvlərinə belə xəbər vermədən saxlamaqdırsa, bütün normaları, çərçivələri, Beynəlxalq Konsensiyaları yalnız özünə sərf etdiyində görməkdirsə - o zaman lazım deyil bizə bu cür beynəlxalq standartlar! Saxlayın özünüzə, gərəyiniz olar!"
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB