Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb

Azərbaycanın Göyçay və İtaliyanın Valmontone şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb

Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mənsur Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti İtaliyada səfərdədir.

Səfər çərçivəsində Valmontonenin "Palazzo Doria" sarayında M.Məmmədov ilə bu şəhərin meri Alberto Latini arasında görüş olub. Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqovun iştirak etdiyi görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

A.Latini ötən il Valmontonedən olan nümayəndə heyətinin Göyçaya səfərini xatırladıb. Bildirib ki, səfər zamanı keçirilən görüşlər şəhərlərimiz arasında əməkdaşlıq sahələrinin və layihələrinin təsbit edilməsi istiqamətində mühüm addım olub. A.Latini Göyçayın Valmontone üçün Şərqə, Valmontonenin isə Göyçay üçün Avropaya açılan qapı rolunu oynayacağını deyib.

M.Məmmədov Göyçay ilə Valmontone arasında iqtisadiyyat, kənd təsərrüfatı, təhsil, mədəniyyət və digər sahələrdə davamlı və faydalı əlaqələrin yaradılmasının vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, bu cür tədbirlərin keçirilməsi xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərləri paylaşmasına geniş imkan yaradır.

Səfir V.Sadıqov Azərbaycan-İtaliya əlaqələrinin tarixindən danışmış, tərəflər arasında təkcə iqtisadi deyil, təhsil, mədəni, humanitar və digər istiqamətlərdə də münasibətlərin yüksələn xətlə inkişaf etdiyini bildirib. Vurğulayıb ki, ölkə rəsmilərinin qarşılıqlı səfərləri və müxtəlif sahələr üzrə ikitərəfli sənədlərin imzalanması əlaqələrimizin genişlənməsinə töhfə verməkdədir. Səfir diqqətə çatdırıb ki, artıq regionlarımız arasında da münasibətlər genişlənməkdədir. Bu cür görüşlər xalqlarımız arasında daha sıx əlaqələrin qurulmasına mühüm töhfə verəcək.

Sonra Valmontone və Göyçay şəhərlərinin qardaşlaşması haqqında sənəd imzalanıb. Sənədi M.Məmmədov və A.Latini imzalayıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə