Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) və Təhsil Nazirliyi əməkdaşlıq çərçivəsində Şamaxıda məktəblilərlə "Əyləncəli elm" mövzusunda görüş keçirib, şagirdlər üçün fizika və kimyaya dair maraqlı təcrübələr nümayiş etdirilib. SİA-nın xəbərinə görə, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında təşkil olunan tədbirdə qonaqları müəssisənin direktoru, AMEA-nın müxbir üzvü Eyyub Quliyev salamlayıb.
Sonra AMEA Rəyasət Heyəti Mərkəzi Aparatının İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səid Hüseynov bildirib ki, Akademiya regionlarda məktəblilər arasında elmin kütləvi təbliğinə başlayıb: "Məqsəd ölkədə yetişməkdə olan gənc nəslin elmə marağının artırılmasıdır. Akademiya bununla əlaqədar ilk görüşünü Şamaxıda keçirir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin irəli sürdüyü bu təşəbbüs ölkə başçısı İlham Əliyevin imzalamış olduğu regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramında qarşıya qoyulan vəzifələrdən irəli gəlir".
Daha sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru Famin Salmanov AMEA haqqında, o cümlədən onun strukturu və görkəmli alimləri barədə qısaca məlumat verib. O, elmin populyarlaşdırılması istiqamətində bu cür tədbirlərin yüksək önəm daşıdığını söyləyib, intellektual cəmiyyətin inkişafında gənclərin rolundan danışıb. Gənc alim yeniyetmələr arasında elmə marağı artırmaq üçün səyləri birləşdirməyi vacib hesab edib: "Gənclərin potensialından səmərəli istifadə, onların elmə cəlb edilməsi AMEA-da aparılan islahatların prioritet istiqamətlərindəndir".
Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev isə rayonda təhsilin inkişafına dövlət qayğısından bəhs edərək bildirib ki, Şamaxıda 12 minə yaxın şagird təhsil alır: "Onlar hər il fənn olimpiadaları, inşa yazı, bədii qiraət və digər növ yarışlarda iştirak edirlər. İntellektual gəncliyin inkişafı rayonun təhsil müəssisələri qarşısında qoyulan hədəflərdən biridir. Regionlarda təhsilin inkişafı üzrə proqram və layihələr rayonda uğurla icra olunur".
Çıxışların ardından AMEA-nın Fizika və Kimya Problemləri institutlarının gənc alimləri əyləncəli təcrübələr nümayiş etdirib, məktəbliləri təəcübləndirən nümayişlərin elmi izahını veriblər. Təcrübələrin məişət və istehsalatdakı rolu haqqında verilən məlumatlar şagirdlərin böyük marağına səbəb olub, çoxsaylı suallar cavablandırılıb.
Sonda görüş gələcəkdə fəaliyyətini elmə bağlamaq arzusunda olan məktəblilər üçün mühüm hadisə kimi qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB