Gənclər Fondu hesabat verdi

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun illik yekun hesabat konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda Fondun iki il ərzində həyata keçirdiyi 4 qrant müsabiqəsi çərçivəsində maliyyələşdirilmiş layihələr, onların hesabatlılıq vəziyyəti, göstərdiyi nəticələr müzakirə olunub.

Fondun illik təqdimatı ilə çıxış edən icraçı direktor Fərhad Hacıyev deyib ki, hazırda Fondun saytında 290 gənclər təşkilatı, 2438 fərdi gənc qeydiyyatdan keçib: "Ümumilikdə isə birinci qrant müsabiqəsi çərçivəsində 176 layihədən 129-u, ikinci qrant müsabiqəsi zamanı 387 layihədən 170-i, üçüncü qrant müsabiqəsi zamanı daxil olan 421 layihədən 331-i və yalnız fərdi gənclər üçün elan olunan dördüncü qrant müsabiqəsi çərçivəsində 668 fərdi müraciətdən 391 layihə dəstəklənib. Beləliklə, 4 müsabiqənin nəticəsi olaraq ümumi müraciətlərin sayı 1641 təşkil edib və onlardan 1021 layihə maliyyə dəstəyi alıb. Bu isə ümumi müraciətlərin 62 faizini təşkil edib".

Daha sonra tədbirdə çıxış edən Fondun Müşahidə Şurasının sədri, Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov Fondun iki qrant müsabiqəsi haqqında danışıb: "İkinci qrant müsabiqəsinə ötən ilin aprel ayının 3-də yekun vurulub və üçüncü qrant müsabiqəsi isə sentyabr ayının 5-də yekunlaşıb. Bu iki qrant müsabiqəsi çərçivəsində 501 layihə maliyyələşdirilib. Bunlardan 284-ü gənclər təşkilatlarının, 217-si isə fərdi gənclərin irəli sürdükləri layihələrdir".

T. Süleymanovun sözlərinə görə, 501 layihənin maliyyələşməsi üçün Fond tərəfindən dövlət büdcəsinin vəsaiti hesabına təxminən 3.6 milyon manat maliyyə vəsaiti ayrılıb: "Bu layihələr daha çox gənclərin intellektual inkişafına, vətənpərvərlik tərbiyəsinə, gənc nəslin sağlam inkişafının təmin olunmasına, regionda gənclər fəallığının artırılmasına, gənclər təşkilatlarının beynəlxalq əlaqələrinin genişlənməsinə yönəlmiş layihələr olub. Bu gün QHT sektorunda ən çox layihə həyata keçirən qrup məhz gənclər təşkilatlarıdır. Çünki dövlət tərəfindən gənclər təşkilatlarına daha çox yardım göstərilir. QHT sektorunda gənclər təşkilatları yeganə kateqoriyadır ki, həm Gənclər və İdman Nazirliyi tərəfindən, həm Gənclər Fondu tərəfindən, həm də Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası tərəfindən dəstək göstərilir. Digər kateqoriyaların heç biri dövlətdən bu qədər yardım almır. Məhz bunun nəticəsidir ki, bu gün gənclər təşkilatları ən aktiv fəaliyyət göstərən QHT kateqoriyasına daxildir".

T. Süleymanov əlavə edib ki, bütövlükdə 501 layihənin əksəriyyətinin icra vəziyyəti qənaətbəxş hesab olunur: "Amma təəssüf ki, bəzən layihələrin icrasının gedişində bir sıra qüsurlar, nöqsanlar və çatışmazlıqlar, müqavilə şərtlərinin pozulması ilə qarşılaşırıq və yəqin ki, bugünki iclasda görülmüş işlər, qazanılmış uğurlarla yanaşı, layihələrin icrasında yol verilmiş nöqsanlar haqqında da söhbət açılacaq".

Çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, Azərbaycanda gənclər təşkilatlarının layihələrinin dəstəklənməsi üçün ayrılan vəsaitin həcmi bir çox Avropa ölkələri ilə müqayisədə çoxdur: "Bu gün Avropa Gənclər Fondu Avropa gənclər təşkilatlarının layihələrinin maliyyələşdirilməsi üçün 3 milyon avro vəsait ayırırsa, Azərbaycanda təkcə gənclər və idman nazirliyinin xətti ilə gənclər təşkilatlarına 5 milyon manat vəsait ayrılır. Bəzən hansısa mətbu orqanlarda, xarici və yerli təşkilatların hesabatlarında Azərbaycanda ictimai fəallığın olmadığı bildirilir: "Ancaq açıqlanan rəqəmlər, göstəricilər gənclər təşkilatlarına, QHT sektoruna verilən dəstəyin göz önündə olduğunu ortaya qoyur. Bəzən xarici təşkilatlardan bizi təftiş etməyə gəlirlər. Ancaq bizi təftiş etməyə gələn həmin xarici təşkilatlar işlərlə tanış olandan sonra etiraf edirlər ki, onların bizdən öyrənmələrinə ehtiyac var".

Bütün xəbərlər Facebook səhifəmizdə