Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə Fransa Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə-Prokurorluq Məktəbi arasında əməkdaşlıq çərçivəsində xüsusi təcrübə proqramı ilə Bakıda səfərdə olan Fransalı hakimliyə namizəd xanım Anabel Lesosla Penitensiar xidmətin Baş idarəsində görüş keçirilib. Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən SİA-ya verilən xəbərə görə, Penitensiar xidmətin rəis müavini, ədliyyə general-mayoru Hüseyn Əlixanov Fransanın Milli Məhkəmə-Prokurorluq Məktəbinin ədliyyə dinləyicisi xanım Annabel Lesosu salamlayaraq Azərbaycanın penitensiar sisteminin inkişaf tarixi, müstəqillik illərində aparılmış islahatlar, Penitensiar xidmətin hal-hazırkı fəaliyyəti, son dövrlər ərzində məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası istiqamətində görülən işlər barəsində müfəssəl məlumat verib.
Xanım Annabel Lesos qəbula görə minnətdarlığını bildirərək 24 fevral-14 mart 2014-cü il tarixlərdə həyata keçiriləcək təcrübə proqramı ilə bağlı məlumat verib. Qeyd olunub ki, əsas məqsəd Azərbaycanın penitensiar sisteminin tarixi, cəza icra qanunvericiliyinin cari vəziyyəti, həyata keçirilən son islahatlar barəsində məlumatları ilkin mənbədən toplamaqdır.
Azərbaycanın penitensiar sisteminin strukturu, məhkumların saxlanma şəraiti, tibbi təminatı, ictimai faydalı əməyə cəlb olunmaları, məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilmə və eləcə də cəzadan vaxtından əvvəl şərti azad olunmaları ilə bağlı xanım Annabel Lesosun çoxsaylı sualları cavablandırıb.
Görüşdən sonra Fransalı qonaq Penitensiar xidmətin tarix muzeyinə baş çəkib, Azərbaycanın Penitensiar sisteminin inkişaf tarixi ilə ətraflı tanış olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB