Müşfiq Ələsgərli: “Günel Mövludun tək məqsədi siyasi sığınacaq almaqdır” MÜSAHİBƏ

Müşfiq Ələsgərli: “Günel Mövludun tək məqsədi siyasi sığınacaq almaqdır” MÜSAHİBƏ

Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərlinin SİA-ya müsahibəsi:

- Son dövrlər bəzi şəxslər xarici ölkələrdə siyasi sığınacaq almaq üçün Azərbaycan dövləti və xalqı əleyhinə müəyyən ittihamlar və iddialar irəli sürürlər. Sizcə, sığınacaq əldə etmək üçün dövlətə qarşı hansısa ittiham irəli sürmək nə dərəcədə düzgün davranışdır?

- Siyasi sığınacaq almağın müxtəlif yolları var. Yəqin ki, söhbət gündəmə damğasını vuran Günel Mövlud mövzusundan gedir. Məndə olan məlumata görə, mart ayında Almaniya məhkəməsində Günel Mövluda siyasi sığınacaq verilib-verilməməsi məsələsinə baxılacaq. Onun açıqlamaları əslində bu məhkəməyə hazırlıq prosesidir. Günel Mövlud uzun müddət Azərbaycan mediasında çalışıb və bu müddətdə kifayət qədər sərbəst fikirlər səsləndirməsinə baxmayaraq, hər hansı bir təqib və təzyiqə məruz qalmayıb. Siyasi sığınacaq almağın şərtlərindən biri də budur. Səsləndirdiyi azad fikirlərə görə, ölkəsində təqiblərə məruz qalan insanlara siyasi sığınacaq verilir. Onun isə bu cür problemi olmayıb. Ona görə də, Günel Mövluda sığınacaq almaq üçün şərt lazımdır.

Son günlər Günel Mövludun dərc edilən yazıları həqiqətdən kənar olmaqla, anti-Azərbaycan, anti- xalq və anti- mental dəyərlərə söykənir. Artıq neçə aydır ki, o Almaniyada qeydiyyatsız yaşayır, lakin mart ayında da ona verilən bu limit bitəcək. Ona görə də, siyasi sığınacaq alması üçün bu yazılar təqib edilməlidir. Lakin istədiyi münasibəti görmədiyi üçün, getdikcə daha aqressiv yazılar yazmağa çalışır. Nə yaxşı ki Azərbaycan cəmiyyəti bu məsələyə aqresiv münasibət göstərmədi! Belə olan halda onun şərtləri əlindən çıxmış olur.

- Almaniyada sığınacaq əldə etmək üçün Günel Mövlud deyilən şəxs ermənilərdən üzr istəməklə bağlı məqalə ilə çıxış edib. Onun bu mövqeyini necə şərh edərdiniz?

- Onun yazdıqlarını nə peşəkarlıq, nə də hüquqi baxımdan əsaslandıra bilmərik. Ona görə ki, onun fikirlərinin heç bir əsası yoxdur. Peşəkarlıq baxımından yanaşsaq, Günelin yazdıqları tamamilə mediadan, peşəkar jurnalistikadan uzaqdır. Onun yazdıqları jurnalistikanın prinsiplərinə ziddir. Jurnalistin birinci vəzifəsi həqiqəti yazmaqdır və həqiqət də göz qabağındadır. Tarix boyu Azərbaycan xalqı qonşuların xəyanətinə məruz qalıb. Ermənilər hansısa güclərdən istifadə edərək torpaqlarımızı işğal ediblər. Günel Mövlud da həmin işğal olunmuş ərazilərdən olan Cəbrayıl rayonunda anadan olub. O, bu həqiqətləri öz gözləri ilə görüb. Belə olan halda həqiqəti danmağın özü jurnalistika peşəsinə ziddir. Onun bu hərəkəti çox yanlışdır. Qarabağda baş verənləri bütün dünya tanıyır. Ermənilərin törətdiyi işğalla bağlı BMT-nin 4 qətnaməsi var. Bunu inkar etmək təbii ki, şəxsi məqsədlərə hesablanıb. Günel Azərbaycanı tərk edib, Almaniyada yaşmaq istəyir. Lakin bunun üçün dövlətə qarşı ittiham sürmək lazım deyil. Azərbaycan öz vətəndaşı üçün hər bir şərait yaradıb . Xaricdə yaşamaq bu qədər çətindir ki, gəlib ölkəni ayaqlar altına atasan? Bu insana ad vermək, qeyri-mümkündür.

- Günel Mövlud dərc etdiyi məqaləsində iddia edir ki, ölkədə insan hüquqları və azadlıqları pozulur. Sizcə bu xanım jurnalistin bu iddiaları və ittihamları nədən qaynaqlanır?

- Xaricdə şəxsi sığınacaq hər hansı bir şəxsin söylədiyi azad fikrə görə təqib və təzyiqlərə məruz qalması nəticəsində verilir. Əgər indiyə qədər ölkəmizdən Günelə qarşı belə bir münasibəti olsaydı, o indi rahat şəkildə həmin sənədləri yığıb Almaniyadan sığınacaq ala bilərdi. Amma bu faktlar baş vermədiyinə görə, Günelin siyasi sığınacaq almaq üçün təqdim etməyə heç bir materialı yoxdur. Ona görə də o, buna süni şəkildə nail olmaq, aqressiv fikirlər səsləndirməklə mart ayında baş tutacaq məhkəməyə material hazırlamaq istəyir. Müsbət hal ondan ibarətdir ki, ona bu şəraiti yaradan yoxdur. Sadəcə insanlar bu məsələyə təəssüf hissi ilə yanaşır və onu qınamaqla kifayətlənirlər.

- Qarabağda insanların kütləvi şəkildə qətlə yetirilməsi və soyqırımına məruz qalması fonunda Günel Mövlud kimilərinin ermənilərə yaxınlaşmasını şəhidlərin ruhuna hörmətsizlik kimi qiymətləndirmək olarmı?

- Bu kimi addımlar Qarabağda və Xocalıda həlak olanların ruhuna böyük hörmətsizlikdir. O, bu addımı ilə həm yaxınlarına, həm də vətəninə xəyanət etmiş olur. O qədər yarıtmaz bir hərəkət edib ki, buna ad vermək çox çətindir. Gözlə görülən həqiqətlərin təkzib edilməsinə ad vermək olduqca çətindir.

- Bu gün xarici ölkələrdə sığınacaq tapmaq üçün Azərbaycanın əleyhinə ittihamlar səsləndirənlərə qarşı Azərbaycan mətbuatının susqunluq göstərməsi təəssüf və təəccüb doğurmur ki?

- Bu cür addım əvvəlcə Əkrəm Əylislinin simasında ortaya çıxdı. Ondan sonra isə Günel Mövlud bu cür addım atdı. Onlardan əvvəl isə bu kimi hərəkətlər QHT-lər səviyyəsində olub. Onlar barışdırıcılıq, Xalq Diplomatiyası rolunu oynamağa çalışıblar. Bu məsələlərlə bağlı zaman-zaman fikirlər səsləndirilib, münasibət bildirilib. Vurğulanıb ki, Azərbaycan tərəfi Ermənistanla barışmağa hazırdır. Lakin barışmaq üçün ilk növbədə insanların haqq və hüquqları bərpa olunmalıdır. Bu haqq-ədalət də yalnız torpaqlarımız işğaldan azad olunduqdan sonra bərpa oluna bilər. Lakin torpaqlarımızın işğal altında olduğu bir vəziyyətdə barışdırıcılıq missiyası həyata keçirməyə çalışmaq nə düzgün, nə də mümkün deyil. Ona görə ki, onun heç bir nəticəsi olmayacaq. Bir zaman bu məsələlərin ortaya atılması üçün QHT-lərdən istifadə olunurdusa, indi ayrı-ayrı üsullardan, yəni yazıçı və ya jurnalistlərdən istifadə olunur. Bu fikirlərin Azərbaycan cəmiyyətində yeri yoxdur. Biz torpaqlarımızın işğalı ilə barışmamışıq, şəhidlərimizin qanı hələ də soyumayıb. Müharibə şəraitində bu cür fikirlər tamamilə məntiqdən kənardır. Problem ortada ola-ola heç bir barışdırıcılıqdan söhbət gedə bilməz. Beynəlxalq güclər Azərbaycan cəmiyyətinə girmək üçün müəyyən yollar axtarmağa çalışırlar, lakin bu cür cəhdlər uğur qazanmayacaq, iflasa uğrayacaq. Çox təəssüf ki, bəziləri fərdi şəkildə bu cür işlərə qoşulurlar. Onlara qarşı da mübarizə aparılmalıdır. Mübarizədə aqressiyadan yayınmalı, onları qınamalıyıq. Başqa cür tədbirlərin görülməsi onların xeyrinə ola bilər.

Bütün xəbərlər Facebook səhifəmizdə