Bu günlərdə Cenevrə şəhərində BMT-nin "Biznes və İnsan hüquqları üzrə rəhbər prinsipləri"nin implementasiyası üzrə Milli Fəaliyyət Planlarının əsas elementləri" mövzusunda Açıq Məsləhətləşmə keçirilib. Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Aparatının rəhbəri Aydın Səfixanlı həmin tədbirdə iştirak edib.
A. Səfixanlı bu tədbir çərçivəsində keçirilən sessiyalarda "Milli Fəaliyyət Planlarının hazırlanması və həyata keçirilməsində milli insan hüquqları təsisatlarının rolu" və "Milli Fəaliyyət Planlarının strukturu" mövzularında çıxış edərək, Azərbaycanda insan hüquq və azadlıqlarının daha səmərəli müdafiəsi və təmini istiqamətində hüquqi islahatların uğurla davam etdirildiyini söyləyib. Ölkəmizin müstəqillik tarixində insan hüquq və azadlıqlarının daha səmərəli təmini sahəsində 3 mühüm strateji sənədin qəbul olunduğu, ölkə Prezidentinin 18 iyun 1998-ci il tarixli, 28 dekabr 2006-cı il tarixli və 27 dekabr 2011-ci il tarixli Sərəncamları ilə İnsan Hüquqlarının Müdafiəsinə dair Dövlət Proqramının, Azərbaycan Respublikasında İnsan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planının və Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının təsdiq edildiyi vurğulanıb. Milli Fəaliyyət Planlarının hazırlanması prosesində Azərbaycan Ombudsmanının fəal iştirak etdiyi, ötən müddət ərzində Milli Fəaliyyət Proqramında nəzərdə tutulmuş müddəaların həyata keçirilməsi istiqamətində müvafiq dövlət orqanları tərəfindən kompleks tədbirlərin həyata keçirildiyi, vətəndaş cəmiyyəti təşkilatları ilə bu istiqamətdə sıx əməkdaşlıq əlaqələrinin yaradıldığı bildirilib.
Müvəkkilin təşəbbüsü ilə Ombudsman Aparatında aidiyyəti dövlət qurumlarının nümayəndələri və QHT təmsilçilərindən ibarət tərkibdə "Biznes və insan hüquqları" üzrə İşçi qrupunun yaradıldığı və bu istiqamətdə silsilə tədbirlərin həyata keçirildiyi vurğulanıb. Ombudsman Aparatı tərəfindən "BMT-nin Global Saziş"inin, "Biznes və İnsan hüquqları üzrə rəhbər prinsiplər"inin Azərbaycan dilinə tərcümə olunduğu diqqətə çatdırılıb.
A.Səfixanlı ölkəmizdə sahibkarların hüquqlarının müdafiəsi və sahibkarlığın inkişafı sahəsində həyata keçirilmiş tədbirlərin məntiqi davamı olaraq, 2013-cü il 2 iyul tarixli "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun qəbul olunduğunu qeyd edib. Bu qanunun ölkəmizdə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquq və vəzifələrini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən etdiyi bildirilib. Ombudsman Aparatında həmin qanunun səmərəli tətbiqi sahəsində gələcək əməkdaşlığın perspektivlərinin müzakirə olunduğu diqqətə çatdırılıb.
Çıxışda hazırda Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğu, ölkə Prezidentinin 2012-ci il 29 dekabr tarixli Fərmanı ilə "Azərbaycan 2020: Gələcəyə Baxış" İnkişaf Konsepsiyasının təsdiq edildiyi vurğulanıb. Qeyd olunub ki, həmin Konsepsiyanın başlıca strateji məqsədi respublikamızda davamlı iqtisadi artım, səmərəli dövlət idarəetməsi və qanunun aliliyi, insanların hüquq və azadlıqlarının tam təmin olunması və vətəndaş cəmiyyətinin yüksək inkişaf mərhələsinə nail olmaqdan ibarətdir.
Tədbir iştirakçıları Azərbaycan Ombudsmanının insan hüquqlarının müdafiəsi, o cümlədən biznes və insan hüquqları sahəsində fəaliyyətini müsbət qiymətləndiriblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB