162,2 min manatlıq tədqiqat işləri aparılır

162,2 min manatlıq tədqiqat işləri aparılır

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Elmi-Tədqiqat Eroziya və Suvarma İnstitutu Fiziki və kimyəvi analizlər labaratoriyası Böyük Qafqazın cənub-şərq hissəsində eroziyaya məruz qalmış açıq-boz qəhvəyi torpaqların məhsuldarlığının artırılması istiqamətində tədqiqat işi aparır. İnstitutdan SİA-ya verilən xəbərə görə, mövzunun ümumi dəyəri 162,2 min manat təşkil edir.

Artıq 3 ildi aparılan araşdırmanın bu ilin sonunda yekunlaşması planlaşdırılır. "Qobustan rayonu ərazisində eroziyaya məruz qalmış açıq boz-qəhvəyi (şabalıdı) torpaqların məhsuldarlığının artırılması və tədbirlərinin işlənilib hazırlanması" mövzu başlığı altında yerinə yetirilən bu tədqiqat işinə labaratoriyanın müdiri aqrar elmlər üzrə fəlsəfə doktoru Mirvari Məmmədova rəhbərlik edir. Tədqiqatın məqsədi Dağlıq Şirvanın dağətəyi dəmyə şəraitində eroziyaya uğramış torpaqların münbitliyinin yaxşılaşdırılmasında xaşa bitkisi və mineral gübrələrin rolunu müəyyənləşdirməkdən ibarətdir.

Yekun nəticə olaraq aparılan tədqiqatlardan məlum olub ki, eroziyaya uğramış açıq boz-qəhvəyi (şabalıdı) torpaqlarda münbitliyin yaxşılaşdırılmasında mineral gübrələrin verilməsi ən yaxşı tədbirlərdən biridir. Hesabat dövrü ərzində tədqiqat işini əhatə edən 2 elmi məqalə açıq mətbuatda dərc olunaraq institutun Metodik Şurasında müzakirəyə təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə