Mark Hervord: “Erkən təhsilə qoyulan investisiya daha çox gəlir gətirir, nəinki təhsilin digər mərhələlərində qoyulan investisiya”

Mark Hervord: “Erkən təhsilə qoyulan investisiya daha çox gəlir gətirir, nəinki təhsilin digər mərhələlərində qoyulan investisiya”

"Bu yeni təşəbbüs Azərbaycanda yeni bir dalğanın başlanğıcıdır. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə uşaqlara kömək məqsədilə həyata keçirilən böyük bir təşəbbüsə qoşulmaq mənim üçün doğrudan da çox fəxarətlidir. Biz hamımız bilirik ki, erkən təhsil nə qədər vacibdir. Bildiyimiz kimi, Nobel mükafatı laureatı iqtisadçı Ceyms Hekman müəyyən etmişdir ki, erkən təhsilə qoyulan investisiya daha çox gəlir gətirir, nəinki təhsilin digər mərhələlərində qoyulan investisiya. UNİCEF-in hesablamalarına görə, bütün uşaqlar üçün erkən təhsilə qoyulan investisiyanın iqtisadi gəlirliyi ildə 150 milyon manatdır. Bu, həm də iqtisadiyyatın inkişafı üçün yaxşı bir amildir. Ona görə də belə bir təşəbbüsə qoşulmağımıza çox şadıq". Bunu UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mark Hervord Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı mərasimində deyib.

O bildirib: "Mən erkən məktəbəqədər təhsillə bağlı bir misal gətirmək istəyirəm. Yəni, bəzi ailələr şəhərdə, bəziləri rayonda yaşayır, bəzilərində hər iki valideyn işləyir. Erkən təhsillə bağlı müxtəlif formalar fikirləşmək lazımdır. Cənab nazir də vurğuladığı kimi, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası məhz uşaqların 90 faizinin məktəbəqədər təhsilə cəlb olunmasını nəzərdə tutur. Mən erkən məktəbəqədər təhsili paxlavaya bənzədirəm. Çünki mənim çox xoşladığım paxlava bir neçə qatdan ibarətdir. Təhsil də bir neçə mərhələdən ibarətdir. Paxlavanın ən üst qatı daha dadlı olduğu kimi, məktəbəqədər təlim-tərbiyə də təhsilin çox əhəmiyyətli mərhələsidir.

Biz bu yaxınlarda nazirliklə bir neçə formanı müzakirə etmişik. Çalışırıq ki, 2020 Konsepsiyasına daha uyğun olanını seçək. Mehriban xanımın rəhbərliyi ilə həyata keçirilən digər layihələrdən çıxış edərək deyə bilərəm ki, yeni bağçalar çox gözəl tikiləcəkdir. Bu gün müzakirə etdiyimiz məsələ övladlarımızın, o cümlədən əlilliyi olan uşaqların gələcəyi üçün çox gözəl başlanğıc olacaqdır. Çünki bu qəbildən uşaqlar da inklüziv təhsil olan bağçadan başlamalıdırlar".

Bütün xəbərlər Facebook səhifəmizdə