Mikayıl Cabbarov: “2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər"
"Məktəbəqədər təhsil müasir dünyada insanı şəxsiyyət kimi formalaşdıran bünövrədir. O, təhsilin ilk və ən vacib pilləsi olmaqla uşaqların erkən yaş dövründən həmyaşıdları ilə ünsiyyət qurmaq, cəmiyyətə inteqrasiya olunmaq, təfəkkürün və ilkin həyati biliklərin yaranmasını, məktəb təliminə hazırlığı, təbiətə və insanlara həssas münasibətin formalaşmasını təmin edir. Bu mərhələdə uşağın aldığı biliklər onun gələcək təhsilə münasibətini və potensialını şərtləndirir". Bunu Təhsil naziri Mikayıl Cabbarov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, maddi sərvətlərin insan kapitalına çevrilməsinin təməli məhz məktəbəqədər təhsildə qoyulur: "Təhsil Nazirliyi tərəfindən aparılmış milli qiymətləndirmə tədqiqatları da sübut edir ki, məktəbəqədər təhsil müəssisələrinə getmiş şagirdlər ibtidai sinifdə daha yuxarı nəticələr göstərirlər. Dövlət sərmayələrinin səmərəliliyini təhlil edərkən Avropa İqtisadi Əməkdaşlıq Təşkilatının məlumatına əsasən, ölkənin uzunmüddətli iqtisadi inkişafına daha çox müsbət səmərə verən bütün təhsil pillələrindən ən yüksək təsir edən məhz məktəbəqədər təhsil hazırlığıdır. Lakin bəzi valideynlər məktəbəqədər təhsilin əhəmiyyətini kifayət qədər dərk etmir, övladlarını evdə tərbiyə etməyə üstünlük verirlər. Bu da uşaqları zəruri tərbiyə, təlim və inkişafyönümlü tədbirlərdən təcrid edir. Təqdirəlayiq haldır ki, son illərdə bu sahədə müəyyən irəliləyişlərə nail olunmuş, məktəbəqədər təhsil müəssisələrində təlim şəraiti yaxşılaşdıqca, şəbəkə genişləndikcə valideynlərin də düşüncələrində müsbət dəyişikliklər baş vermiş, daha çox valideyn övladını məktəbəqədər təhsilə cəlb etməyə maraq göstərməyə başlamışdır.
Hazırda respublikamızda təhsilin bütün sahələrinə, o cümlədən məktəbəqədər təhsilə dövlətimiz və dövlətimizin başçısı tərəfindən xüsusi diqqət və qayğı göstərilir, çoxsaylı dövlət proqramları həyata keçirilir. Məktəbəqədər təhsil sahəsində mövcud olan problemlərin aradan qaldırılması, təhsilin müasir tələblər səviyyəsində qurulmasının təmin olunması istiqamətində kompleks tədbirlər yerinə yetirilir. Məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyi ilə birbaşa tabeçilik münasibətlərinin olmamasına baxmayaraq, son 10 ayda nazirlik ümumtəhsil məktəblərində məktəbə hazırlıq qruplarının yaranmasını dəstəkləyən addımlar atmışdır. Belə ki, bu qruplarda məşğul olmuş uşaqların vaxtından əvvəl birinci sinfə müsahibəsiz qəbul olunması barədə qərar qəbul edilmişdir.
Dövlət məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsi ilə yanaşı, Mehriban xanım, sizin də vurğuladığınız kimi, özəl sektorun da inkişafı böyük əhəmiyyət kəsb edir. Yeni qəbul olunmuş qanuna əsasən, 2014-cü il yanvarın 1-dən başlayaraq 10 il müddətinə məktəbəqədər təhsil müəssisələri, Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqi şəxslər mənfəət vergisini və sadələşdirilmiş vergini ödəməkdən azad edilirlər. Bu isə uşaqların intellektual, fiziki və psixoloji inkişafı üçün lazımi şəraitin yaradılmasını təmin etmək və bu sahədə sahibkarlığın inkişafını stimullaşdırmaq məqsədi daşıyır.
Təhsil Nazirliyi özəl investisiyaların cəlb edilməsinin əhəmiyyətini dərk edərək, bu sahədə fəaliyyət göstərmək üçün müraciət edən fiziki və hüquqi şəxslərə lisenziya verilməsi prosedurlarını təkmilləşdirmiş və hazırda lisenziya əsasında fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı artmışdır.
Beynəlxalq əməkdaşlıq səviyyəsində də məktəbəqədər təhsil tədricən ön plana çıxır. Belə ki, Azərbaycanın Avropa İttifaqı ilə 2014-2017-ci illəri əhatə edən birgə fəaliyyət proqramında təhsil məsələləri, xüsusilə məktəbəqədər təhsil prioritet istiqamət kimi müəyyən edilmişdir. UNİCEF ilə əməkdaşlıqda da bu sahəyə xüsusi diqqət yetirilir.
Məktəbəqədər təhsil pilləsinin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsi ölkənin gələcək inkişafı baxımından çox vacibdir. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" məktəbəqədər təhsilin inkişaf etdirilməsinə yönəlmiş bir sıra hədəfləri - məktəbə hazırlıq təhsilinin bir il icbariliyinin təmin olunmasını, erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin 90 faiz səviyyəsinə çatdırılmasını, qabaqcıl beynəlxalq təcrübə əsasında məktəbəqədər təhsil üzrə pedaqoji və idarəetmə heyətinin müstəqil sertifikatlaşdırma sisteminin yaradılmasını, məktəbəqədər yaşlı uşaqların fiziki və əqli inkişafını, sosiallaşmanı təmin edən, yaradıcılıq qabiliyyətlərini üzə çıxaran, onlarda həyati bilik və bacarıqları, davranış qaydalarını aşılayan təhsil standartlarının və yeni kurrikulumların hazırlanmasını özündə ehtiva edir.
Bu gün ölkəmizdə məktəbəqədər təhsil sahəsində görülmüş müsbət işlərlə yanaşı, həllini gözləyən bir sıra problemlər də mövcuddur və bu problemləri 3 əsas hissəyə ayırmaq olar - məzmun, müəllim və infrastruktur. Məzmun dedikdə, hazırda uşaq bağçaları təhsil müəssisələrindən daha çox obrazla desək, saxlama kameraları, yəni uşağa baxım müəssisəsi kimi qəbul edilir. Uşağa qulluq, qidalanma və uşaqla vaxt keçirmə məsələləri tədris və tərbiyə komponentlərini kölgədə qoymuşdur. Təbii olaraq, bu amil müəllim-pedaqoji kadrların hazırlığı ilə bilavasitə əlaqəlidir. Bu sahə günün tələblərindən geri qalır və vəziyyətin yaxşılaşdırılması nazirliyimizin prioritetlərindən biridir. Hazırda respublika üzrə məktəbəqədər təhsil müəssisələrində 14 min 614 pedaqoji işçi çalışır. Lakin son illərdə onların ixtisasının artırılması, müasir metodikalar üzrə təlimatlandırılması, kurrikulum əsasında hazırlanması müəyyən mənada unudulmuşdur".
Nazir vurğulayıb ki, Heydər Əliyev Fondunun respublikanın bütün yaşayış məntəqələrində kütləvi şəkildə yeni uşaq bağçalarının inşası sayəsində erkən yaşlı uşaqların məktəbəqədər təhsillə əhatəsinin kəskin artırılması barədə təşəbbüsü bu sahədə köklü dəyişikliklərə səbəb olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB