Əli Həsənov: “Son 10 ildə tikilmiş 83 müasir qəsəbə və şəhərcikdə 28 min şagird yerlik 140 orta məktəb binası inşa olunub”
"Azərbaycanın birinci xanımı hörmətli Mehriban Əliyevanın rəhbərliyi altında keçirilən bu tədbir ölkəmizin bu günü, gələcəyi üçün çox vacibdir. İndi xatırlayıram, ötən əsrin 70-ci illərinin axırı – 80-ci illərinin əvvəllərində Sumqayıt şəhərində bu sahəyə katib kimi mən nəzarət edirdim. Hələ biz o vaxt belə bir proqram hazırlamışdıq – uşaq bağçası, orta məktəb və ali təhsil müəssisəsi. Bu üç təhsil ocağının birgə fəaliyyətinə bir orqanizm kimi yanaşırdıq. Orta məktəbə gələn uşaqlarda biliklərin bünövrəsi bağçalarda qoyulurdu". Bunu Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə Fondun məktəbəbəqədər təhsil müəssisələrinin inkişafı proqramının təqdimatı mərasimində deyib.
Onun sözlərinə görə, Mehriban xanım Əliyevanın diqqət yetirdiyi bu sahə həqiqətən həyati vacib bir məsələdir: "Belə bir sosioloji sorğu aparmışdıq, evlərdə tərbiyə alıb birbaşa məktəbə gedən uşaqlar və bağçalarda tərbiyə alıb məktəbə gedən uşaqlar. Hər kateqoriya üzrə 50 uşaq seçmişdik. Həm tərbiyədə, həm fiziki, həm də zehni hazırlıqda fərq böyük idi. Ona görə ulu öndər Heydər Əliyev deyirdi ki, gənclər bizim gələcəyimizdir, təhsilə də o cür yanaşırdı, təhsili gələcəyimiz kimi qiymətləndirirdi. Bünövrəsi ulu öndər Heydər Əliyev tərəfindən qoyulan bu siyasəti Prezident İlham Əliyev, Mehriban xanım, şəxsən Siz bu gün çox uğurla həyata keçirirsiniz. Mən bunu qeyd etməyi özümə borc bilirəm ki, dünya ölkələrinin birinci xanımları içərisində Siz öz ölkəsinin Prezidentinə, öz dövlətinə, öz xalqına, millətinə kömək edən birinci xanımsınız. Siz Azərbaycan elminin, təhsilinin, səhiyyəsinin, mədəniyyətinin inkişafına böyük töhfələr verirsiniz. Siz Azərbaycan qadınlarını bütün dünyada ləyaqətlə təmsil edirsiniz.
Ona görə bu gün müzakirə olunan məsələnin vacibliyini dərk edərək, mənə həvalə olunmuş sahədə Prezidentimizin fərman və sərəncamlarını, xüsusi tapşırıqlarını yüksək səviyyədə həyata keçirməyə çalışıram. Son 10 ildə bizə ayrılmış vəsait çərçivəsində tikilmiş 83 müasir qəsəbə və şəhərcikdə 28 min şagird yerlik 140 orta məktəb binası inşa olunubdur. Beynəlxalq humanitar təşkilatların vəsaiti hesabına isə 130 məktəb binasını təmir etmişik. Həmin qəsəbələrdə 50 müasir uşaq bağçası tikilib, 44 bağça isə təmir olunubdur. Azərbaycan Prezidenti İlham Əliyev ilə birlikdə Siz həmin qəsəbələrin əksəriyyətinin açılışlarında iştirak etmisiniz, məktəblərin, bağçaların yüksək səviyyədə tikilməsinin və təminatının şahid olmusunuz.
Siz qeyd etdiniz, Ermənistanın təcavüzü nəticəsində ərazilərimizin 20 faizi işğala məruz qalıb, 1 milyondan çox soydaşımız qaçqın və məcburi köçkünə çevrilib. Ovaxtkı hakimiyyətin səriştəsizliyi ucbatından bu insanların özləri hara gəldi, necə gəldi yerləşiblər. Yəni, qaçqın və məcburi köçkünlərin yerləşdirilməsi üçün heç bir sistem, heç bir mexanizm, idarəçilik olmayıbdır. Onları mərkəzləşmiş qaydada yerləşdirə bilməyiblər. Bu insanlar harada boş yer görürdülərsə, orada da yerləşirdilər. O cümlədən, məktəb və bağçalarda da yerləşiblər. Məlumat üçün bildirirəm ki, ölkə üzrə 262 məktəbdə 2 min 800 ailə yerləşmişdir. Son 10 ildə Prezidentin tapşırığı ilə 1800 ailəni artıq məktəblərdən köçürmüşük. Mən xüsusi qeyd etmək istəyirəm ki, Mingəçevirdə, Bərdədə, Ağdamda – 2 rayon, 1 şəhərdə bütün məktəb və bağçalarda köçkünlər yaşayırdı. Artıq biz həmin rayonların və şəhərin bütün məktəblərini, bağçalarını boşaltmışıq. Bakı şəhərində 16 məktəbdə 55 ailə yerləşibdir. Hələlik onlardan 6-nı köçürmüşük. Ölkə üzrə 202 bağçada 3 min 260 ailə yerləşibdir. Prezidentin tapşırığı ilə son vaxtlar biz 540 ailəni artıq bağçalardan köçürmüşük. Bakı şəhərində 133 bağçada yerləşmişdilər. Artıq 50 bağçada yaşan məcburi köçkünləri yeni qəsəbələrə köçürmüşük. Hazırda bütün respublika üzrə məktəblərdə 1000 ailə, Bakıda isə 49 ailə qalıbdır. Bağçalarda bu gün bütün respublika üzrə 2 min 720 ailə yaşayır.
Azərbaycan Prezidentinin tapşırığı ilə köçürmə zamanı biz ilk növbədə, məhz təhsil ocaqlarını boşaldırıq. Yəqin, bugünkü tədbirin də əhəmiyyətini, Sizin tövsiyələrinizi nəzərə alaraq hesab edirəm ki, Bakı şəhərində bağçalarda yaşayan ailələri yaxın 2 ayda mütləq yeni mənzillərə köçürəcəyik. Bu proses davam edəcəkdir. Təhsil Nazirliyinə, təhsil müəssisələrimizə lazım olan müddətdə də qalan bağçalarda məskunlaşmış məcburi köçkün ailələri yeni mənzillərə köçürüləcəkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB