Tətbiqi sənət yaradıcılığında kristalloqrafik prinsiplər tədqiq edilir

Tətbiqi sənət yaradıcılığında kristalloqrafik prinsiplər tədqiq edilir

Azərbaycanda tətbiqi sənət yaradıcılığında kristalloqrafik prinsiplər tədqiq edilir. SİA-nın xəbərinə görə, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin iclasında AMEA-nın prezidenti, akademik Akif Əlizadə nəzərə çatdırıb ki, kristalloqrafiya dünyada böyük önəm verilən elm sahələrindən biridir, fizika, riyaziyyat, mineralogiya, kimya, geologiya, səhiyyə, memarlıq və bir sıra digər elmlərlə sıx bağlıdır. Azərbaycanda kristalloqrafiyanın formalaşması XX-ci əsrin ortalarına təsadüf edir. Bu elmin inkişafı professor Aslan Vəzirzadə və AMEA-nın müxbir üzvü Xudu Məmmədov kimi alimlərin adları ilə bağlıdır. Hazırda AMEA-nın Fizika, Geologiya, Neft-Kimya Prosesləri institutlarında, Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası və başqa müəssisələrdə əsasən bu alimlərin yetirmələri olan kristalloqraflar çalışır.

Sonra Fizika İnstitutunun direktoru, fizika-riyaziyyat üzrə elmlər doktoru Nazim Məmmədov və institutun İnnovasiya sektorunun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru İmaməddin Əmiraslanov "Kristalloqrafiya: dünəni, bugünü və sabahı" mövzusunda məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, adıçəkilən sektorda kristalloqrafiya ilə paralel olaraq türk xalqlarının tətbiqi sənət yolu araşdırılır, dünya xalqlarının sənət prinsipləri ilə müqayisəsi aparılır, "Kristalloqrafiyanın inkişaf mərhələləri və müasir problemləri", "Turk xalqlarının tətbiqi sənət yaradıcılığında kristalloqrafik prinsiplər", "Kristallar və Nanoart" mövzularında tədqiqat işləri həyata keçirilir.

Məruzədə vurğulanıb ki, Azərbaycan da daxil olmaqla türk xalqlarının tətbiqi sənətinin min illər boyunca yaratdığı formaların əsasən kristalloqrafik prinsiplərə tabe olduğu ilk dəfə Xudu Məmmədovun "Qoşa Qanad" və "Naxışların Yaddaşı" kitablarında, həmçinin çoxsaylı elmi məqalələrində göstərilib.

Tədqiqatların nəticəsində "Azerbaijani Tessellations", "Nanoart", "Maze like calligraphy" silsiləli ornamentlər yaradılıb. "Azerbaijani Tessellations" silsiləli eskizlər əsasında yeni çeşnili xalçaların toxunması mümkündür.

Məruzə Rəyasət Heyətinin qərarı ilə bəyənilmişdir. Qərara əsasən, müvafiq muzeyin yaradılması üçün təkliflər, "Azərbaycan elmi və sənətində kristalloqrafiya" mövzusunda konfrans keçirilməsi üçün tədbirlər planı, həmçinin kristalloqrafiya sahəsində tədqiqatların genişləndirilməsi məqsədilə gənc alimlərin tanınmış elmi mərkəzlərə ezam olunması üçün təkliflər hazırlanaraq Rəyasət Heyətinə təqdim olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə