Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclası keçirilib. SİA-nın xəbərinə görə, tədbiri AMEA-nın prezidenti, akademik Akif Əlizadə açaraq iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
İlk olaraq Fizika İnstitutunun İnnovasiya Sektorunun əməkdaşı, fizika üzrə fəlsəfə doktoru İmaməddin Əmiraslanovun "Kristalloqrafiya: dünəni, bugünü və sabahı" adlı məruzəsi dinlənilmişdir. Məruzə haqqında fikirlər səsləndirilib, suallar cavablandırılıb.
Sonra Rəyasət Heyətinin "Gənclər üçün Prezident Mükafatı"na təqdim etdiyi 8 gənc alimin AMEA-nın Fəxri fərmanları ilə təltif olunması müzakirəyə çıxarılıb. Sözügedən gənclər Fizika, Geologiya, Botanika, Ədəbiyyat, Riyaziyyat və Mexanika institutlarının, həmçinin Azərbaycan Tibb Universitetinin elmi nəticələri ilə fərqlənənlərdir və onların təltif olunması təklifi bəyənilib.
Daha sonra bəzi institutların adlarının dəyişdirilməsi və bir neçə yeni elmi müəssisənin yaradılması da müzakirə edilib. Neft və Qaz Elmi Tədqiqat İnstitutu, Dünya Siyasəti İnstitutu və Elm Tarixi İnstitutunun yaradılması məqsədi ilə zəruri tədbirlərin icrası haqqında qərarlar qəbul olunub. Digər qərarlarla Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun adından "sosiologiya" sözü çıxarılıb, Mərdəkan Dendrarisi Dendralogiya İnstitutu, Kibernetika İnstitutu İdarəetmə Sistemləri İnstitutu, Geologiya İnstitutu Geologiya və Geofizika İnstitutu, Kimya Problemləri İnstitutu Kataliz və Qeyri-Üzvi Kimya İnstitutu, İnsan Hüquqları üzrə Elmi Tədqiqat İnstitutu isə Konfliktologiya və İnsan Hüquqları İnstitutu adlandırılıb.
Tədbirdə AMEA-nın illik ümumi yığıncağının keçirilməsi, 2020-ci ilə qədərki inkişaf konsepsiyasının hazırlanması üzrə işçi qrupun yaradılması, Akademiyanın 70 illiyi ilə əlaqədar "Azərbaycan elminin baş qərargahı: tarix və müasirlik" filminin çəkilməsi də qərara alınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB