Bu gün Azərbaycan Mətbuat Şurasının "Tanıyaq, tanıdaq" layihəsi çərçivəsində Ukraynanın Sevastopol Dövlət Radiosunda Azərbaycanla bağlı yayımlanan "Qobustan" proqramının rəhbəri Həbib Əliyevlə görüş keçirilib.
Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbiri giriş sözü ilə açan MŞ sədri Əflatun Amaşov bildirib ki, H.Əliyevlə görüş Şuranın "Tanıyaq, tanıdaq" layihəsi çərçivəsində baş tutan sayca ikinci tədbirdir. Şuranın Beynəlxalq münasibətlər komissiyası tərəfindən gerçəkləşdirilən mövcud təşəbbüsdən məqsəd xarici ölkələrdə Azərbaycanı tanıdan həmvətənlərimizin həyat yolu və fəaliyyəti barədə ölkə mediasını və ictimaiyyətini məlumatlandırmaqdan ibarətdir.
MŞ-nin beynəlxalq münasibətlər komissiyasının sədri, Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib ki, xarici ölkələrdə bütün sahələrdə çalışan soydaşlıramızın uğuru sevindirici haldır. "Bu adamlar vətənlərində fəaliyyətlərinə maraq və diqqət görəndə sevinirlər. MŞ də məhz bunu əsas götürərək "Tanıyaq tanıdaq" layihənin icrasına başlayıb. Hesab edirəm ki, kütləvi informasiya vasitələrinin fəal dəstəyi ilə biz belə həmvətənlərimizi daha yaxından tanıtdıracağıq. Bu mənada Həbib Əliyevlə tanışlığımızın da müsbət nəticələr verəcəyinə inanıram".
Tədbirdə çıxış edənlərdən MŞ İdarə Heyəti üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "Xalq qəzeti"nin baş redaktor müavini Tahir Aydınoğlu və başqaları Həbib Əliyevin uzun müddətdən bəri qərib ölkədə Azərbaycanı tanıtdırmaq kimi mühüm missiya yerinə yetirdiyini vurğulayaraq keçirilən görüşün onun əməyinə qiymət mənasında əhəmiyyət daşıdığını diqqətə çatdırıblar.
Sonda çıxış edən Həbib Əliyev həyat və fəaliyyəti barədə geniş söhbət açıb. O, tədbir iştirakçılarına təşəkkürünü bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB