İran İslam Respublikasının "Şəhriyar" qəzetinin 20 fevral 2014-cü il tarixli, 263 saylı buraxılışında və internet səhifəsində (http://shahryaronline.ir/images/PDF_Nashriye/263.pdf) Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 illik yubileyi, muxtariyyətin yaranma tarixi, XX əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnaqlarının Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürməsi, Azərbaycanın bir çox bölgələrində, o cümlədən Naxçıvanda dinc əhaliyə qarşı qırğınlar törətməsi, muxtar respublikanın İran, o cümlədən İranın sərhəd vilayətləri ilə əlaqələri, muxtar respublikanın son 10 ildə nail olduğu sosial-iqtisadi inkişafa dair məqalə dərc olunmuşdur.
SİA həmin məqalə və məqalənin qeyri-rəsmi tərcüməsini təqdim edir.
Bu il Azərbaycanın Naxçıvan Muxtar Respublikasının yaradılmasının 90 ili tamam olur. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə bu il Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarında muxtar respublikanın yaradılmasının 90 illiyi keçiriləcək. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr verib. XII əsrdə Azərbaycan Atabəyləri — Eldənizlər dövlətinin paytaxtı olmuş Naxçıvan şəhəri əsası Əcəmi Naxçıvani tərəfindən qoyulan memarlıq məktəbi ilə bütün dünyada məşhurlaşıb. XVI-XVII əsrin Səfəvi-Osmanlı, XIX əsr müharibələrinin döyüş meydanına, XX əsrin əvvəllərindən başlayaraq erməni daşnaqlarının hücum hədəfinə çevrilən Naxçıvan bu tarixi burulğanlardan başıucalıqla çıxıb, öz mübarizəsini davam etdirib.
XX əsrin əvvəllərində yaranmış şəraitdən istifadə edən erməni daşnaqları Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları irəli sürmüş, Naxçıvan, Qarabağ, Zəngəzur, Vedi və başqa bölgələrdə əhaliyə qarşı dəfələrlə soyqırımlar və qırğınlar törədiblər. Bütün bunlara şərait yaradan və erməniləri müdafiə edən çar imperiyasının süqutundan sonra Azərbaycanı işğal edən sovet imperiyası elə ilk illərdən Azərbaycan xalqına qarşı mövqe tutdu. Ermənilərin Naxçıvanın müsəlman əhalisini məhv etmək və deportasiya etmək yolu ilə bu bölgəni də işğal etməyə cəhd göstərdiyi bir vaxtda yerli əhalinin ciddi mübarizəsi və aparılan gərgin diplomatik fəaliyyət nəticəsində ermənilər bu məqsədlərinə nail ola bilmədi. 1918-1921-ci illərdə Naxçıvan əhalisinin böyük itkilər bahasına da olsa, erməni daşnaqlarının silahlı hücumlarına sinə gərməsi, 1921-ci ildə Azərbaycan, Ermənistan və Rusiya nümayəndələrinin təşəbbüsü ilə keçirilmiş rəy sorğusunda bölgə əhalisinin 90 faizindən çoxunun Naxçıvanın Azərbaycanın tərkibində qalmasına səs verməsi, N.Nərimanovun və B.Şahtaxtinski kimi diplomatların uğurlu fəaliyyəti həmin dövrdə Naxçıvanın işğalının qarşısını aldı. Beləliklə, Naxçıvanın Azərbaycanın himayəsi altında olan muxtar ərazi statusu Rusiya ilə Türkiyə arasında 1921-ci ilin martında imzalanmış Moskva müqaviləsində, Rusiya, Azərbaycan, Gürcüstan, Ermənistan və Türkiyə arasında 1921-ci ilin oktyabrında imzalanmış Qars müqaviləsində təsbit edildi və Naxçıvanın dəqiq sərhədləri müəyyənləşdirildi. Lakin sovet rəhbərliyinin məkrli siyasəti nəticəsində 1921-ci ildə Azərbaycanın tarixi torpaqlarından olan Zəngəzur mahalı ermənilərə verildi və beləliklə Naxçıvan coğrafi cəhətdən Azərbaycandan ayrılaraq blokada vəziyyətinə salındı. Bir neçə il ləngidilmədən sonra 1924-cü ilin il fevralın 9-da Naxçıvan Muxtar Ölkəsinin Azərbaycan SSR-in tərkibində muxtar respublikaya çevrilməsi qərarı verildi. SSRİ imperiyası Azərbaycan xalqı əleyhinə siyasətlərini davam etdirərək Qars müqaviləsi ilə Naxçıvanın təsdiq olunmuş sərhədlərini pozub, 1929-cu ildə Naxçıvanın Şərur bölgəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz bölgəsinin Oğbin, Ağxəç, Almalı, İtqıran, Sultanbəy kəndləri, Ordubad bölgəsinin Qorçevan kəndi, habelə Kilit kəndi torpaqlarının bir hissəsini, 1930-cu ildə isə Əldərə, Ləhvaz, Astazur, Nüvədi və sair yaşayış məntəqələrini ermənilərə verib.
1989-cu ilin dekabrında Azərbaycanın İranla SSRİ imperiyası tərəfindən tikanlı məftillərlə bağlanan sərhədləri məhz ilk olaraq Naxçıvan əhalisi tərəfindən dağıdılıb. XX əsrin 90-cı illərində SSRİ-nin dağılmağa doğru getməsi nəticəsində yaranmış şəraitdən istifadə edən erməni ekstremistləri Azərbaycan, o cümlədən Naxçıvana qarşı öz ərazi iddialarını artıq müharibə yolu ilə gerçəkləşdirməyə başladılar. 1980-ci ilin sonlarından bugünədək Ermənistandan keçən, Azərbaycanı Naxçıvanla bağlayan dəmir yol xətləri və avtomobil yolları kəsilmiş, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşunlarının Bakıya hücumundan 8 saat əvvəl sovet qoşun birləşmələri və erməni silahlı dəstələri Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal edib. 1990-cı ilin iyul ayının 22-də görkəmli dövlət xadimi Heydər Əliyevin Naxçıvana qayıtması, 1991-ci il sentyabrın 3-də isə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri seçilməsi bu diyarı gözləyən təhlükələrdən xilas etdi, ermənilər tərəfindən üç tərəfdən mühasirəyə salınan Naxçıvan 1990-1994-cü illər ərzində bütün hücumlara qarşı dayandı. Görkəmli dövlət xadimi Heydər Əliyevin fəaliyyəti muxtar respublikanı blokadadan çıxarmağa, qonşu dövlətlərlə sosial-iqtisadi və mədəni əlaqələri inkişaf etdirməyə, onun ərazi bütövlüyünü qorumağa yönəldib. Bunun üçün Heydər Əliyev 1992-ci ilin mart və avqust aylarında Türkiyə və İrana səfərlər etmiş, danışıqlar aparmış, müqavilələr bağlamış və Naxçıvana bu ölkələrdən kredit və enerji verilmişdir. 1992-ci ildə İran İslam Respublikası ilə Şahtaxtı-Poldəşt sərhəd-keçid məntəqəsinin açılışı, Culfa sərhəd-keçid məntəqəsinin fəaliyyəti diyarın sosial-iqtisadi blokadadan çıxarılmasını təmin edib. Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında əlaqələrin əsası 1992-ci ildə İran İslam Respublikasının xarici işlər naziri Əli Əkbər Vilayətinin dəvəti ilə Naxçıvan MR Ali Məclisinin Sədri Heydər Əliyevin İran İslam Respublikasına səfəri zamanı 24 avqust 1992-ci il tarixdə imzalanmış "Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında" protokol ilə qoyulub, 1991-1993-cü illərdə bir çox qarşılıqlı səfərlər həyata keçirilmiş, ötən 21 il ərzində hər iki tərəfdən həyata keçirilən qarşılıqlı tədbirlər nəticəsində əlaqələrimizin inkişafı davamlı xarakter alıb. Müharibə illərində blokada şəraitində yaşayan və mübarizə aparan Naxçıvan əhalisinin İran ərazisi vasitəsilə tranzit keçidi, yanacaq, ərzaq və digər məhsulların daşınması, muxtar respublikanın qaz və elektriklə təmini Azərbaycan-İran dostluq və qardaşlıq əlaqələri tarixində ən böyük zirvələrdən olmuşdur. Heydər Əliyevin də bildirdiyi kimi "O çətin günlərdə, 1990-cı ildə sərhədlər açıldıqdan sonra İran ölkəmizə, xüsusilə ermənilər tərəfindən iqtisadi blokada şəraitində olan Naxçıvana lazımi yardımlar etmişdi". Naxçıvan Muxtar Respublikası ilə İranın Şərqi və Qərbi Azərbaycan, eləcə də Ərdəbil vilayətləri arasındakı faydalı əməkdaşlıq iki ölkə arasındakı qonşuluq münasibətlərinə mühüm töhfədir. Əlaqələrin qarşılıqlı inkişafı üçün bir sıra işlər görülüb, energetika, nəqliyyat-kommunikasiya, kənd təsərrüfatı, təhsil, səhiyyə, mədəniyyət, turizm və idman sahələrində əməkdaşlığa hərtərəfli zəmin yaradılıb, onlarla nümayəndə heyətlərinin qarşılıqlı səfərləri nəticəsində əməkdaşlıq daha da inkişaf edib və genişlənib. Naxçıvan Muxtar Respublikası ilə İran arasında uğurlu əməkdaşlığa nümunə olaraq muxtar respublikanın təkcə İİR-in Şərqi Azərbaycan Vilayəti ilə yeddi memorandum imzalamasını göstərmək olar.
Hazırda 431,6 min əhalinin yaşadığı Azərbaycanın Naxçıvan Muxtar Respublikası sürətlə inkişaf edir, gün-gündən gözəlləşir. Son 10 ildə muxtar respublikanın iqtisadiyyatı real ifadədə 12,5 dəfə, dövlət büdcəsi 11,7 dəfə artmış, iqtisadiyyata 3 milyard 704 milyon manat sərmayə qoyulmuş, sənaye sahəsi 45,4 dəfə, kənd təsərrüfatı 4,5 dəfə, tikinti sektoru 14,2 dəfə, nəqliyyat sektorunda gəlirlər üzrə 3,3 dəfə, informasiya və rabitə sektorunda 9,7 dəfə, xarici ticarət dövriyyəsində 12,2 dəfə artım olub. Naxçıvan Muxtar Respublikası universitetlər, xəstəxanalar, idman kompleksləri, mədəniyyət mərkəzləri, böyük magistral yollar, dəmiryolu və beynəlxalq hava limanı kimi infrastruktura, qida məhsulları, maşınqayırma, tikinti materialları, elektrik enerjisi istehsalı, kənd təsərrüfatı məhsulları istehsalı və sair potensiala malikdir.
İslam mədəniyyətinə və islam dəyərlərinə böyük hörmət göstərən Naxçıvan İslam Əməkdaşlıq Təşkilatı tərəfindən 2018-ci ildə islam mədəniyyətinin paytaxtı elan olunub. Azərbaycan-İran əlaqələrində xüsusi rola malik olan Naxçıvan Muxtar Respublikasının 90 illik yubileyini təbrik edir, onun daim çiçəklənməsini arzulayırıq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB