Mətbuat Şurası xəbər portalların maliyyələşməsi ilə bağlı təkliflə çıxış edəcək

Mətbuat Şurası xəbər portalların maliyyələşməsi ilə bağlı təkliflə çıxış edəcək

"Mətbuat Şurası internet jurnalistikasının rəhbərləri ilə seminar keçirməyi planlaşdırır". SİA-nın xəbərinə görə, bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, seminarın keçirilməsində məqsəd xəbər portallarına haker hücumlarının qarşısını almaqdır: "Bundan əlavə, biz xəbər portalların da reklamla əlaqədar məsələlərə də önəm verəcəyik. Belə ki, bu seminarlar vasitəsilə xəbər portallarının rəhbərlərinə reklam vergiləri, reklam toplamağın yolları və digər istiqamətlərdə məlumat verəcəyik".

O həmçinin qeyd edib ki, Mətbuat Şurası 2014-cü ili "İnternet ili" elan etdiyindən ilin sonuna kimi bir çox beynəlxalq konfransın və çoxsaylı tədbirlərin keçirilməsi nəzərdə tutulur: "Azərbaycanda 300-ə yaxın xəbər portalları fəaliyyət göstərir. Bunların 80 və ya 100-ü mütəmadi olaraq fəaliyyət göstərən xəbər portallarıdır. Demək olar ki, hər gün yeni bir xəbər portalı yaranır. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bütün insanlar əsasən xəbərləri internet vasitəsilə alacaqlar. İnternet üzərindən xəbərlərin yayılması, xəbər portallarının, internet televiziyaların, radioların mövcud olması inkişaf onu göstərir m gələcəkdə internet jurnalistikası daha öndə keçəcək. Biz də bütün bunları nəzərə alaraq bu sahəyə öz marağımızı artırırıq. Bilirsiniz ki, yeni yaranan qurumlar ayaq üstə dayana bilmirlər. Onlara ilkin yardımların verilməsi vacibdir. Bilirsiniz ki, Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu artıq neçə ildir ki, Azərbaycanda fəaliyyət göstərən jurnal və qəzetləri maliyyələşdirir. Mətbuat Şurası da xəbər portallarının maliyyələşməsi ilə bağlı təşəbbüslə çıxış etməyi nəzərdə tutub. Fondun büdcəsi artıqdan sonra xəbər portalına da bu cür yardımlar olunacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə