“Mətbuat Şurasına daxil olan şikayətlərin 17 faizi xəbər portalları ilə bağlıdır”

“Mətbuat Şurasına daxil olan şikayətlərin 17 faizi xəbər portalları ilə bağlıdır”

"İnternet hər bir insanın məişət həyatına daxil olub. Bu vasitə fikrin formalaşmasında mühüm rol oynayır". SİA-nın məlumatına görə, bunu Mətbuat Şurasının sədri Əflatun Amaşov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mətbuat Şurasının insanlar arasında keçirdiyi sorğuya əsasən televiziyalar insanlarda ictimai fikrin formalaşmasında ən çox faizə malikdir: "2013- cü ildə keçirilən sorğuda internet vasitələri 40 faiz səs toplayıb. 7 faiz səs verənlər bildiriblər ki, onlar məlumatı evdən işə, işdən evə gedərkən radiolar vasitəsilə əldə edirlər. Qəzet isə 27 faizdən artıq səs toplaya bilmir. Düşünürük ki, bir neçə ildən sonra internet vasitələri 60-70 faiz səs toplamaqla ictimai fikrin formalaşmasında birinci yerdə qərarlaşacaq".

Mətbuat Şurasına çoxlu sayda şikayətlərin daxil olduğunu deyən Ə. Amaşov söyləyib ki, əvvəllər bu şikayətlərin yalnız 4-5-i xəbər portalları ilə bağlı idisə, hazırda bu rəqəm 17 faizə çatıb: "Bu rəqəm getdikcə artır. Yaxın illərdə bu rəqəm 40%-ə çatacaq. Yeni yaranan xəbər portallarından da şikayətlər daxil olur".

MŞ sədri həmçinin bildirib ki, dünyada onlayn jurnalistikada müəyyən boşluqlar var: "Bu boşluqlar heç nə ilə tənzimlənə bilmir. Mətbuat Şurası olaraq düşünür ki, onlayn jurnalistikanın ayaqda qalması üçün onlara yardım olunmalıdır. Onlayn jurnalistika cəmiyyəti operativ məlumatlandırır. Qəzet, jurnallar isə daha çox analitik məlumat verməlidirlər".

Bütün xəbərlər Facebook səhifəmizdə