ƏƏSMN attestatları təqdim edib FOTOLAR

ƏƏSMN attestatları təqdim edib FOTOLAR

Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində məişət zorakılığından zərər çəkən şəxslərə sosial xidmət göstərilməsi üçün akkreditasiya olunmuş qeyri-dövlət yardım mərkəzlərinə akkreditasiya attestatlarının təqdim olunması tədbiri keçirilib. SİA-nın xəbərinə görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov vətəndaşların sosial hüquqlarının səmərəli müdafiəsi sisteminin qurulmasının, eyni zamanda çətin həyat şəraitində yaşayanların, o cümlədən məişət zorakılığından zərər çəkən şəxslərin sosial xidmətlərlə əhatə olunmasının dövlətin sosial siyasətinin prioritetlərindən biri olduğunu diqqətə çatdırıb.

Nazir bildirib ki, əsas məqsəd yaxın qohumluq münasibətlərindən, birgə və ya əvvəllər birgə yaşayışdan sui-istifadə etməklə törədilən zorakılığın, onun doğurduğu mənfi hüquqi, tibbi və sosial nəticələrin qarşısının alınmasına, məişət zorakılığından zərər çəkən şəxslərin sosial müdafiəsinə, onların hüquqi yardımla təmin edilməsinə, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılmasına yönəlib.

Bu sosial xidmətləri göstərəcək qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyanın müvafiq qanunvericiliyə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin səlahiyyətlərinə aid olduğunu qeyd edən S. Müslümov müraciət edən qeyri-dövlət yardım mərkəzlərinin ilk dəfə həyata keçirilən akkreditasiyası prosesində onların müvafiq təcrübəyə, maddi-texniki bazaya və işçi potensialına malik olmasının əsas meyarlar kimi diqqətdə saxlanıldığını bildirib: "Əminik ki, bu meyarlara cavab verən və bizim tərəfimizdən akkreditasiya olunan qyeri-dövlət yardım mərkəzləri öz vəzifələrinin öhdəsindən layiqli şəkildə gələrək, məişət zorakılığından zərər çəkən şəxslərin sosial müdafiəsi sahəsində dövlət siyasətinin icrasına öz töhfələrini verəcəklər".

Daha sonra çıxış edən nazir müavini, akkreditasiya Komissiyasının sədri İlqar Rəhimov bildirib ki, məişət zorakılığından zərər çəkən şəxslərə qeyri-dövlət yardım mərkəzlərinin akkreditasiyasını həyata keçirmək məqsədilə yaradılan Komissiyanın tərkibi əmək və əhalinin sosial müdafiəsi, daxili işlər, ədliyyə, səhiyyə və təhsil nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məsul əməkdaşlarından ibarətdir: "Ötən müddətdə komissiyanın 3 iclası keçirilib və akkreditasiya üçün müraciət edən 8 qeyri-dövlət yardım mərkəzinin sənəsləri yoxlanılıb, onların qanunvericilikdə nəzərdə tutulan meyarlara uyğunluğu qiymətləndirilib. Yekun olaraq 4 qeyri-dövlət yardım mərkəzinin- "Təmas" Regional İnkişaf İctimai Birliyinin, "XX Əsrin Qadınları" İctimai Birliyinin, "Təmiz Dübya" Qadınlara Yardım İctimai Birliyinin və "Qadın təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım" İctimai Birliyinin akkreditasiya olunması qərara alınıb".

Bütün xəbərlər Facebook səhifəmizdə