Bu gün Azərbaycan Diplomatik Akademiyası (ADA) Universiteti "Coca Cola" şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycanda 2020-ci ilədək 100 min ağacın əkilməsini nəzərdə tutan "Ağac Əkək. Həyata Pay Edək" adlı layihənin təqdimat mərasimini keçirib. SİA xəbər verir ki, mərasimdə çıxış edən ADA-nın rektoru Hafiz Paşayev layihənin əsas məqsədinin eko-sistemdən faydalanaraq ölkənin öncədən müəyyən edilən ərazilərində kütləvi meşələrin salınması və mövcud meşələrin bərpa olunması ilə Azərbaycanda su ehtiyatlarının qorunmasına və artırılmasına nail olmaqdan ibarət olduğunu bildirib. Layihənin Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəstəkləndiyini deyən rektorun sözlərinə görə, ölkəmizdə meşə ərazisi 11,4 %-dir: "Bu isə qəbul olunmuş standartlardan 2 dəfə azdır. Su ehtiyatlarını qorumaq və bərpa etməklə yanaşı, ağaclar havanın çirklənməsinin qarşısını alır, kimyəvi dövriyyəyə, eləcə də, planetdə suyun uzun müddət saxlanılmasına yardım edir".
Hafiz Paşayev deyib ki, təklif olunan layihə ölkədə minlərlə ağacın əkilməsini nəzərdə tutur ki, bu da kifayət qədər böyük arealda meşə salınması deməkdir: "İlk olaraq paytaxt Bakıda başlanacaq layihə "Coca Cola" şirkəti tərəfindən maliyyələşəcək və ADA Universitetinin Enerji və Ətraf Mühit üzrə Xəzər Mərkəzi tərəfindən həyata keçiriləcək".
Coca-Cola Türkiyə, Qafqaz və Mərkəzi Asiya Biznes bölməsinin prezidenti Galya Molinas mərasimdə çıxışında deyib ki, şirkət layihə vasitəsi ilə havanın çirklənməsi, su təchizatı və torpaq eroziyası kimi, bir neçə ekoloji problemləri həll etməyə çalışır: "Novruz bayramına müəyyən müddət qalmış ağac əkmək bir ənənədir. Bütün azərbaycanlılar tərəfindən sevilən bayram ərəfəsində bu layihəni başlamağa şadıq".
Xəzər enerji və ətraf mühit mərkəzinin sədri Elnur Sultanov isə bildirib ki, layihənin həyata keçirilməsi zamanı damcı üsulu ilə suvarmadan istifadə olunacaq: "Bu da öz növbəsində ölkədə məhdud olan şirin su ehtiyatlarının qorunmasını təmin edəcək".
Daha sonra "Coca Cola" şirkəti ilə ADA Universiteti arasında layihə çərçivəsində Əməkdaşlıq Sazişi imzalanıb.
Sonda layihənin başlanğıcı olaraq ADA Universitetinin rektoru Hafiz Paşayev və Coca-Cola Türkiyə, Qafqaz və Mərkəzi Asiya Biznes bölməsinin prezidenti Galya Molinas ağac əkiblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB